Arif Hacılı avtoritar və saxtakar “liderdir” TƏRS BAXIŞ

5 Dekabr 2019 15:41 (UTC+04:00)

Onlarla müsavatçı məhz bu cür düşünür

Müsavat partiyasının növbəti məlum və qalmaqallı qurultayından sonra partiya timsalında cərəyan edən qarşıdurmalar və ziddiyyətlər hələ də səngimir. Maraqlı məqamlardan biri də budur ki, başqan Arif Hacılı ona qarşı çıxan istənilən müsavatçını partiyadan uzaqlaşdırmaqla işini bitmiş hesab edir. Ancaq bu, vəziyyətin daha da gərginləşməsinə səbəb olur. O cümlədən, müsavatdaxili rəydə belə bir fikir formalaşmağa başlayıb ki, Hacılı hər iki qurultayda qəsb etdiyi başqanlıq postunu bütün variantlarla, hətta ən rəzil üsullar vasitəsi ilə əlində saxlamağa çalışaraq, avtoritar üsullardan istifadə etməkdən çəkinmir. Görünür, bu baxımdan, səsini ucaldanların partiyadan qovulmalarını görən bəzi müsavatçılar uzun illər partiyaya göstərdikləri xidmətlərini itirməməkdən ötrü hələ ki, "susmaq qızıldır" prisnipindən istifadə edirlər.

Partiyadan çıxarılanlar öz mübarizələrini daha da aktivləşdiriblər

Məsələn, bəzi müsavatçı gənclərin təşkilat sıralarından çıxarılması Hacılı avtoritarçılığının növbəti bariz nümunəsi kimi qiymətləndirilə bilər. Əslində, bu hal illərdir davam edir. Hələ bir müddət əvvəl Şamil Beydullayev adlı müsavatçı partiya başqanı Arif Hacılını sosial şəbəkədə kəskin şəkildə tənqid edərək, onun atdığı addımlarını ərəb diktatorlarının addımları ilə müqayisə etmişdi. O, "facebook" səhifəsində Arif Hacılının şəklini ərəb diktatorlarının şəkilləri ilə montaj edib və bunu paylaşaraq, öz etirazını bildirmişdi və müsavatçı gəncin bu hərəkətindən sonra başqan dərhal onu partiyadan çıxarılması barədə qərarını vermişdi. Ancaq Şamil Beydullayev Arif Hacılının məlum qərarından sonra öz mübarizəsini daha da aktivləşdirdi. Lakin gözlənildiyi kimi, təhdidlər və təhqirlər ara vermədi.

Şamil Beydullayevin üç il əvvəlki iddiası bu gün də qüvvədədir - Arif Hacılı saxta partiya biletlərini sataraq Avropaya mühacir göndərir, Müsavatı biznes məkanına çevirir

Əlbəttə, buna demokratik idarəçilik demək olmaz. Beydullayevin fikrincə, bu, birbaşa repressiv addımlar kimi qiymətləndirilməlidir: "O, tək mənə qarşı yox, bir çox partiya üzvlərinə, ən çox da gənclərə qarşı repressiyya siyasəti yürüdür. Arif Hacılının yürütdüyü siyasət müsavatçılıq prinsplərinə və əqidəsinə ziddir. Onun apardığı siyasət Rəsulzadənin ruhunu incidir. Əgər Arif Hacılı "facebook"da onu tənqid edən insanlara qarşı bu qədər dözümsüz yanaşırsa və onu tənqid edən hər kəsi partiyadan çıxartdırırsa, bu, onu göstərir ki, hökumətin apardığı siyasəti tənqid etməsinin əhəmiyyəti yoxdur".

Nəticədə partiyadan daha öncə və sonra çıxarılanlarla Beydullayevin arasında elə bir ciddi fərq qalmır. Yəni onların hər biri qovulduqdan sonra Hacılını və onun partiyadaxili klanını mövcud ittiham atəşinə tuturlar. Ona görə də partiyadan çıxarılanların ona dəstək verəcəklərini hesab edən sabiq müsavatçı gənc öz fikirlərini daha kəskin formada ictimailəşdirir. Məsələn, o, daha sonra qeyd edir ki, bəzən "facebook"da yazdığı yazılara görə, kimlərsə təzyiqə məruz qalır və s.: "Arif Hacılı başqan seçildikdən bu günə kimi partiyada dağıdıcılıq siyasəti yürüdür. Keçirilən mitinqlərə 200-300 nəfəri güclə toplayırlar, bu da Arif Hacılının Müsavatı zəiflətməsini göstərir. Arif Hacılı Müsavatı ancaq öz maraqlarına xidmət elətdirir. Onun gördüyü işlər yalnız saxta bəyanat vermək, partiya bileti sataraq Avropaya saxta yollarla mühacir göndərmək, partiyanı şəxsi biznesi kimi istifadə etməkdir. Mənim partiyadan çıxarılmağım tam qanunsuzdur. Partiyanı qanuni, qeyri-demokratik yollarla idarə edənlər elə bilirlər ki, bu qisasçılıq siyasəti onlara uğur gətirir. Amma xalq bu siyasəti görür və artıq inamı qalmayıb. Xalq güvənmirsə, onlar bir gün də siyasətdə qalmamalıdırlar".

İrəli sürülən suçlamaların əksər çoxluğu Hacılının Müsavatı qeyri-qanuni biznes məkanına çevirməsidir

Göründüyü kimi, Arif Hacılı yalnız avtoritar, repressiv və diktaturaçılıqda ittiham edilmir. Hətta bu gün onun və ətrafının saxta yollarla partbilet satışı, saxta arayışlar verib mühacir biznesi qurmasının ifşasının illərdir ki, davam etməsi sübutunu açıq-aşkar göstərməkdədir. Yəni irəli sürülən suçlamaların əksər çoxluğu Hacılının Müsavatı qeyri-qanuni biznes məkanına çevirməsidir. Təbii ki, bu cür iyrənc vasitələrlə siyasi partiyaya başqanlıq etməyə belə bir ad vermək olar - siyasi dələduzluq, saxtakarlıq və dövlət maraqlarına qarşı xəyanətkarlıq. Bu səbəbdən, partiyadan qovulan müsavatçıların əksəriyyəti artıq öz hüquqları uğrunda ədalətli məhkəmə vasitəsilə mübarizə aparacağını vurğulamaqdadırlar.

Beləliklə, sözügedən məsələnin heç bir gizli məqamı qalmayıb. Sadəcə, ortada olan danılmaz faktları heç cür qəbul etmək istəməyən Arif Hacılı dalana dirənildiyinin fərqinə varmaq istəmir. Bu faktor isə, əslində onun vəziyyətini daha da çətinləşdirir. Çünki belə davam edərsə, Müsavat sıralarında ondan və saxtakar klanından başqa kimsənin qala biləcəyini ehtimal etmək olmaz. Bütün hallarda isə, yəni Hacılı və ətrafı nə qədər nala-mıxa döyəcləsə də, fakt öz faktlığında qalmaqdadır...

Rövşən NURƏDDİNOĞLU