O, həqiqətən teatr sənətinin aşiqi idi Hüseynağa Atakişiyevin-70

5 Dekabr 2019 12:35 (UTC+04:00)

Bu müsahibəni İrəvan Azərbaycan Dövlət Dram Teatrının baş rejissor, Əməkdar artist, Prezident mükafatçısı Sərvər Əliyevdən 2019-cu ilin avqust ayının sonunda, məşhur rejissor, yaxşı teatr təşkilatçısı, maraqlı aktyor, Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin 70 illik yubileyi ərəfəsində götürmüşdüm. Amma ayrı-ayrı səbəblərdən qəzetdə çap etdirə bilmədim. Bu ilin sonuna qədər Hüseynağa Atakişiyevin ili olduğuna görə yazını indi oxuculara təqdim edirəm. Onu da vurğulayım ki, Sərvər Əliyevi də Hüseynağa Atakişiyev sevdiyi tələbələrindən, gələcəyinə etibar etdiyi davamçılarından biri kimi görürdü. İllər keçdikcə tələbəlik dostum, həmkarım Hüseynağanın onunla bağlı arzuları özünü doğrultdu. İndi Sərvər Əliyev təkcə aktyor yox, həm də maraqlı rejissor olduğunu sübut eləyir. Çalışır ki, öz müəlliminin reallaşmayan arzularını reallaşdırsın. Mən də onun quruluş verdiyi bir neçə tamaşaya baxmışam. Xoşuma gəlib. Məhz buna görə də onunla birlikdə müəllimi Hüseynağa Atakişiyevi yada saldıq.

-Necə oldu ki, siz Hüseynağa Atakişiyevlə birlikdə işləyəsi oldunuz?

- Bizim onunla şəxsi tanışlığımız yaranmamışdan öncə, 1982-ci ildə mən institutda tələbə olan vaxt kurs rəhbərimiz, gözəl rejissor, çox yaxşı pedaqoq Nəsir Sadıqzadə ən azı dərsin otuz dəqiqəsini Hüseynağa Atakişiyev haqqında danışırdı. O vaxt o, Şəki Dövlət Dram Teatrının baş rejissoru işləyirdi. Mən, İnstitutu bitirəndən sonra hərbi xidmətə getdim. 1988-ci ildə ordu sıralarından qayıdandan sonra Nəsir müəllim məsləhət gördü ki, get Şəkidə Hüseynağa Atakişiyevin yanında işlə. Amma həmin vaxtı teatrda yox, gedib başqa işlə məşğul olmağa başladım. Sonra Moskvada Dövlət Teatr Sənəti İnstitutunda rejissorluq təhsili almış, bir müddət Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, quruluşçu rejissor işləmiş Arif Ağayevin yaratdığı “Meydan” Özəl Teatrında işlədim. Bir gün Aktyor evinin qabağından keçəndə, aktyor Eldar İmanov mənim qolumdan tutub saldı həmin binanın içinə. O vaxt Hüseynağa müəllim bufetdə oturub çörək yeyirdi. Eldar ona müraciətlə dedi: “ Hüseynağa müəllim, sizə dediyim oğlan budur”. Hüseynağa müəllimlə təkbətək foyedə qaldım. O, mənimlə sual-cavab apardı. Kimin kursunu bitirdiyimi soruşdu. Biləndə ki, Nəsir Sadıqzadənin kursunu qurtarmışam və indi də “Meydan” Özəl Teatrında aktyor işləyirəm, həm də orada iki tamaşaya da quruluş vermişəm, maraqla mənə baxıb dedi: “Get. İki gündən sonra noyabr ayının 1-də bura işləməyə gələrsən”. Beləliklə, 1993-cü ilin noyabr ayının 1-dən mən, peşəkar teatrda gələcəkdə ustadım olacaq Hüseynağa Atakişiyevin yanında aktyor kimi işləməyə başladım. Hüseynağa Atakişiyev ilk öncə aktyora səhnədə tam sərbəstlik verən rejissor idi. Amma işin gedişatında o, artıq aktyorun özü də bilmədən, hiss etmədən “diktator” rejissora çevrilirdi. O, diktatorluğu da elə aramla, elə xoş tapşırıqlarla edirdi ki, aktyorun bundan ruhu da incimirdi. Beləliklə, aktyor rejissora tam inanırdı və tabe olurdu. Yerində edilən impravizasiyaları xoşlayır və qəbul edirdi. Hüseynağa Atakişiyevin rejissorluğunun kökündə Azərbaycan Meydan teatr ünsürləri dururdu. Bu ünsürlər və üstəlik o çağdaş teatr ənənələrini Hüseynağa Atakişiyevin rejissoru olduğu bütün tamaşalarda görmək olurdu. O, mənim rejissorluğa meylimin və istedadımın olduğunu hiss etmişdi. Məhz buna görə də onun quruluş verdiyi bir neçə tamaşada rejissor köməkçisi, rejissor assistenti oldum. Onunla bizim yaxınlığımız, isti münasibətimiz isə mən burada 4-5 ay işləyəndən sonra başladı. Son vaxtlara qədər də həmişə bir yerdə olurduq. Mən ondan təkcə akytor sənətini yox, həm də rejissorluq sənətinin sirrlərini öyrəndim. Bir dəfə ona dedim ki, “ ay müəllim, oturaq, siz rejissuraya aid deyin mən qeydlər eləyim”. Dedi ki, “əgər elədisə onda gedib İncəsənət İnstitutunda dərs deyərəm də. Otur yanımda qeydlərini elə”. Elə də elədim. Mən aktyorluqla yanağı, yuxarıda dediyim kimi onun hazırladığı bir neçə tamaşalarda rejissor assistenti, ikinci rejissor kimi onunla işlədim. Sonra özüm sərbəst olaraq, Steyfan Sveyqin “Yad qadının məktubları” novellası əsasında tamaşa hazırladım. O, özü tək oturub baxdı. Gördüm gözündən yaş gəlir. Susdu. Sonra bir mizanımda dəyişiklik elədi. Ondan sonra Hüseynağa müəllimin mənə bir rejissor kimi də güvəni artdı.

- Necə oldu ki, Hüseynağa Atakişiyevin quruluş verdiyi son tamaşanı siz tamamlayası oldunuz?

-Onun yaratdığı Dövlət Gənclər Teatrında quruluş verdiyi son tamaşa Feruz Mustafanın “Qara qutu” əsəri idi. Hüseynağa Atakişiyev rejissor yaradıcılığında ilk dəfə idi ki, əsərin birinci hissəsini tam qurmuşdu. Mizanlarını, musiqisini tam həll etmişdi. Nə sirr idisə ikinci hissyə toxunmamışdı. Deyirdi ki, ikinci hissəyə mart ayının 28-də başlayacaq. Həmin gün yanına qonaqlar gəldi. Mənə dedi ki, “aktyorlara de ki, getsinlər və sabah gəlsinlər. İkinci hissəni sabah qurmağa başlayacam”. Amma ikinci hissəni qurmaq daha ona nəsib olmadı. Çünki iki saatdan sonra, onun vəziyyəti pisləşdi. Təcili xəstəxanaya apardıq… 2006-cı ilin aprelin 9-da isə Hüseynağa müəllim artıq dünyadan köçdü...

Kollektiv qərara gəldi ki, “Qara qutu” tamaşasını mən başa vurum. Onun bu işi yarımçıq qalmasın. Çünki mən bu tamaşanın ikinci rejissoru idim. İlk gün məşqə gəldim, amma heç nə eləyə bilmədim. Birinci hissyə baxdım və aktyorları evə buraxdım. İkinci gün gəlib durdum Hüseynağa müəllimin portretinin qarşısında və ona yalvardım. Dedim ki, “ustad, ruhun burdadır, mənə kömək elə. Biabır olmayım”. İnanın elə həmin günü tamaşanın ikinci hissəsini qurub qurtardım. Sonra tamaşaya baxanlar bilmədilər ki, tamaşanın ikinci hissəsini mən qurmuşam. Hüseynağa Atakişiyevin ölümündən sonra Elçin Hüseynbəylinin “İmperator” pyesinə quruluş verdim. Tamaşadan sonra bir jurnalist mənə yaxınlaşıb dedi ki, “elə bildim Hüseynağa Atakişiyevin tamaşasına baxdım”. Həmin jurnalistə təşəkkür elədim. Bəli, mənim quruluş verdiyim hər tamaşamda Hüseynağa Atakişiyevin dəsti-xətti var. Bu gün əgər rejissor kimi, tamaşalar hazırlayıramsa ilk öncə Hüsenağa müəllimə borcluyam. O, mənim ustadımdır.

-Bəs siz Hüseynağa Atakişiyevin ölümndən sonra Dövlət Gənclər Teatrının, Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşməsinə necə baxırsınız?

-Bizim teatrın Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşməsi məsələsi hələ Hüseynağa Atakişiyevin sağlığında da vardı. Bu təklif Hüseynağa Atakişiyevə olmuşdu. O da öz təkliflərini, şərtlərini də demişdi. Amma onun dediyi təklifləri, şərtləri həll eləmək istəmirdilər. Ona görə də məsələ açıq olaraq qalırdı. Dövlət

Gənc Tamaşaçılar Teatrının təmir olub qurtarmasını gözləyirdilər. Onu da deyim ki, Dövlət Gənclər Teatrının aparıcı aktyorları ilə birlikdə, başda Hüseynağa Atakişiyev olmaqla Azərbaycan Milli Akademik Dram Teatrına keçmək məsələsi də vardı. Əgər bu məsələ baş tutsaydı, Dövlət Gənclər Teatrı, Millik Akademik Dram Teatrının nəzdində Teatr-Studiya kimi fəaliyyət göstərəcəkdi. Əfsus ki, bu da qismət olmadı…

-Dövlət Gənclər Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birləşəndən sonra, Gənclər Teatrının bir tamaşasını belə repertuara salmadılar. Bəs buna sizin fikriniz, münasibətiniz necədi?

-Burada təkcə onu deyə bilərəm ki, Hüseynağa Atakişiyevin teatrındakı özünün və başqa rejissorların quruluş veridiyi bütün tamaşalar yüksək peşəkar səviyyədə olduğuna görə və bu tamaşaları görənlər də qısqanclıqdan paxıllıqdan buna imkan vermədilər. Çünki onlar yaxşı bilirdilər ki, Dövlət Gənclər Teatrının tamaşaları əgər repertuara düşsə, onda Dövlət Gənc Tamaşaçılar Teatrının və Kamera Teatrının tamaşalarının necə bəsit, primitiv olduğu tam aydın görünəcəkdi. Bununla bizim teatrın aktyorları da önə çıxacaqdı. Hamı görəcəkdi ki, bizim aktyorlar Dövlət Gənc Tamaşaçılar və Kamera Teatrının aktyorlarından daha peşəkardılar. Onda da tamaşaçılar deyəcəkdi ki, “niyə Dövlət Gənclər Teatrı, bu teatrlarla birləşdirilib?” O vaxtı Dövlət Gənc Tamaşaçılra Teatrı hətta öz aralarında qondarma bir komissiya da yaradıb, guya gəlib bizim tamaşalara baxmışdılar… Bu məsələni mən, həmin şəxslərin vicdanına buraxıram… Zaman gələcək bu teatrların birləşməsinin çox böyük səhv addım olduğu, bununla Azərbaycan teatrlarına necə böyük zərbə vurulduğu da tam məlum olacaq. Bu işi görənlər isə hökmən xalqın qınağına səbəb olacaqlar.

-Dövlət Gənclər teatrını indi bərpa etmək mümkündürmü?

-Mən elə gəlir ki, Hüseynağa Atakişiyevsiz bu teatrı bərpa etmək mümkün deyil. Amma Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında bir gün işləyən aktyor indi də özünü Hüseynağa Atakişiyevin aktyoru hesab eləyir. Dövlət Gənclər Teatrının aktyorları harada işləyirlər-işləsinlər onlara Hüseynağa Atakişiyevin aktyoru deyirlər. Biz, onun aktyorlarıyıq. Nə qədər ki, biz varıq, Hüseynağa Atakişiyev bizimlədir. Sağdır. Yanımızdadır. O, sağlığında olduğu kimi, yenə də səhnənin arxasındakı kulisdən bizə baxır… Amma bizim hamımıza, Hüseynağa müəllimin tələbələrinə, dostlarına, onu sevən bütün tamaşaçılara yer eləyən, hamımızı rəhcidə saxlayan odur ki, bu ilin sentyabr ayının 6-da Hüseynağa Atakişiyevin70 yaşı tamam oldu. Onun haqqında yalnız siz bir neçə məqalə, müsahibə yazdınız və indi də onunla bağlı “Teatr sənətinin aşiqi” adlı kitabınız çapa hazırlanır. Lakin nə Mədəniyyət Nazirliyi, nə də Azərbaycan Teatr Xadimlər İttifaqı onun 70 illiyilə bağlı heç bir tədbir keçirməyib. Axı, Azərbaycan teatr sənəti üçün belə böyük işlər görmüş, əvəzolunmaz rejissor, gözəl teatr təşkilatçısı, çox istedadlı aktyor HüseynağaAtakişiyevə qarşı bu biganəlik nədən qaynaqlanır? O, bütün həyatı boyu Azərbaycan dövlətinə, dövlətçiliyinə, incəsənətinə xidmət eləyən sənətkar olub. Bəs belə olduqda, ona qarşı bu biganəlik hardandır? Məgər bütün həyatını Azərbaycan teatr sənətinə təmənnasız xidmət etmiş, Şəki Dövlət Dram Teatrının, Milli Akademik Dram Teatrının və Dövlət Gənclər Teatrının tarixində yaşayan çoxlu peşəkar tamaşalara quruluş vermiş, 157-dən çox tamaşalar hazırlamış, özü isə cəmi 57 il ömür sürmüş əvəzolunmaz sənətkara qarşı belə biganəlik olarmı?

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi