Abel Məhərrəmov: “Heç bir icazəsiz aksiyadan söhbət gedə bilməz”

15 Mart 2011 00:07 (UTC+04:00)
"Heç bir icazəsiz aksiyadan söhbət gedə bilməz. Tələbələrin dərsə davamiyyəti tam təmin olunub". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov universitetin qarşısında bir qrup gəncin etiraz aksiyası keçirmək istəməsi ilə bağlı məlumata münasibət bildirərkən deyib. O bildirib ki, BDU-nun qarşısında icazəsiz aksiyasının keçirilməsinə cəhd edən gənclərin universitet tələbələri ilə heç bir əlaqəsi yoxdur. Rektorun sözlərinə görə, əksinə tələbələr davamlı şəkildə BDU rəhbərliyinə müraciət edirlər ki, bir qrup gəncin belə pozuculuq əməlləri düzgün deyil.

"Sadəcə biz buna əhəmiyyət vermək istəmirik. BDU-nun bütün tələbə və müəllim heyəti Prezident İlham Əliyevi dəstəkləyir. BDU-nun bir nəfər tələbəsi belə bir qrup gəncin "facebook" sosial şəbəkə vasitəsilə martın 14-ü saat 13:00-14:00-də BDU-nun qarşısında keçirilməsi nəzərdə tutulan etiraz aksiyasında iştirak etməyib və etməyəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Bakı Dövlət Universitetinin qarşısında bir qrup gəncin icazəsiz etiraz aksiyası keçirməsi ilə bağlı məlumat yayılmışdı. Ancaq bu məlumat öz təsdiqini tapmadı.