Baş fiziatr: “Ölkədə mantu olunan 553 min uşaqdan 15 min nəfəri risk qrupuna daxil edilib”
15 Mart 2011 00:06 (UTC+04:00)
2010-cu il ölkə ərazisində 553 min uşaq arasında vərəmə qarşı infeksion müayinə aparılıb. Müayinələrdən sonra 15 min nəfər risk qrupuna daxil edilib. SİA-nın xəbərinə görə, bu barədə Bakı şəhərinin baş ftiziatrı, t.e.d., professor Yavər Şıxəliyev məlumat verib. Vərəmin profilaktikasının daha vacib olduğunu deyən baş fiziatr bildirib ki, uşaqlarda infeksion müayinə 12 yaşa qədər aparılır.
"Mantu tək illərdə sağ qola, cüt illərdə isə sol qola aparılır. Bundan ötrü hər il uşaqlarda və yeniyetmələrdə Mantu sınağı aparılır, virajlı uşaqlar aşkar olunur və VI qrup dispanser uçot qeydiyyatına götürülür. Onlar 1 il müddətində ciddi müşahidədə qalırlar. Virajlı uşaqlara 3 ay müddətində azoniazidlə kimyəvi profilaktika aparılır. 3 aydan sonra təkrar mantu sınağı qoyulur - əgər əmələ gələn papulanın ölçüsü kiçilibsə, dərman profilaktikası davam etdirilmir, intensivlik artıbsa və ya yerində qalıbsa, 2-3 il də yazda və payızda profilaktika davam etdirilir. Vərəmin vaxtında aşkar edilməsi onun effektiv müalicəsi üçün böyük rol oynayır. Buna görə də xəstələrin vaxtında müraciət etmələri, müalicəni başlamaları, sağlam şəxslərin ildə 1 dəfə profilaktik müayinədən keçmələri vərəmlə mübarizədə vacib amildir", - deyə o əlavə edib.
Y.Şıxəliyev qeyd edib ki, uşaqlardan çox valideynlər bu müayinələrdən qorxmamalıdırlar. Onun sözlərinə görə, valideynlər bilməlidirlər ki, bu onların uşaqlarının gələcəkdə xəstəlikdən qorunması üçün mühüm məsələdir: "Bu gün cəmiyyətdə valideynlərdə mənfi tendensiya var. Onlar düşünür ki, uşaqlarında mantunun yeri sonradan qızarıbsa, bu mütləq vərəm xəstəsidir. Onun uşağında vərəm aşkarlanar, sonra ona məktəbdə, cəmiyyətdə pis münasibət olar. Bu gün məktəblərdə neçə-neçə valideynlər yazılı şəkildə ərizə ilə müraciət edirlər ki, onların uşaqları mantu olunmasın. Bu da bizi daha da şübhələndirir və təəccübləndirir. Ancaq qeyd edim ki, valideynlər bundan qorxmamalı və uşaqlarını vaxtı-vaxtınada mantu edilməyə icazə verməlidirlər. Mantular uşaqlarda 12 yaşa kimi aparılır və bu vaxta kimi qolun qızarması təhlükəlidir. Ancaq 12 yaşdan sonra mantu zamanı qolun qızarması normal bir haldır".