Dövlət başçısının Sərəncamı ilə sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və avadanlıqla təchizatı məqsədilə dövlət büdcəsindən 20 019 100 (iyirmi milyon on doqquz min yüz) manat ayrılıb
Ölkəmizdə iqtisadi sabitləşmənin nəticəsi olaraq, sosial sahədə ciddi dəyişikliklər baş verir. İqtisadi sahədə islahatlar prosesi dərinləşdikcə, dövlət vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı üzərinə yeni-yeni öhdəliklər götürür, sosialyönümlü siyasətin miqyasını daha da genişləndirir. Reallaşan müxtəlif tədbirlər və islahatlar sayəsində Azərbaycan iqtisadiyyatı, son 16 il ərzində üç dəfədən çox artıb ki, bu da dünya üzrə rekord göstəricidir. Ölkə əhalisinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar bu sahədə prinsipcə yeni vəzifələr yaratmış, qarşıya milli normaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əhalinin sosial müdafiəsinə yeni yanaşma və ənənəvi metodların təkmilləşdirilməsi kimi tələblər qoymuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin son üç ayı ərzində imzaladığı fərman və sərəncamlar dövlətin yeni sosial paketinin işə başladığını göstərmiş oldu. Dövlət başçısı İlham Əliyevin fevral ayında imzaladığı 8 Sərəncam, 4 Fərman sıravi vətəndaşın sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmişdi. Bu tədbirlər sosial sahədə inqilabi dəyişikliklərin başladığı kimi xarakterizə edildi. İmzalanan sərəncamlar bunun davamlığını ortaya qoymuş oldu. Dövlət başçısının 2 dekabr 2019-cu il tarixində imzaladığı "Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncamı ölkədə sosial müdafiə və tibbi-sosial reabilitasiya əhəmiyyətli müəssisələr şəbəkəsinin genişləndirilməsinə və bu sahədə müasir tələblərə uyğun infrastrukturun qurulmasına xüsusi qayğının növbəti təzahürüdür. Məlumdur ki, əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrinin rifahının yüksəldilməsi, onların cəmiyyətə fəal inteqrasiyası istiqamətində son illərdə mühüm addımlar atılmış, bu qəbildən olan insanların çoxsaylı sosial proqramlara, o cümlədən sağlamlıq, reabilitasiya, ödənişsiz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunması uğurla həyata keçirilmişdir. Sərəncamda qeyd olunduğu kimi, xüsusən, bu dövrdə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunmuş, sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə uşaq bərpa mərkəzləri yaradılmışdır. Sənədə əsasən, bir sıra sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və avadanlıqla təchizatı məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.18.4-cü yarımbəndində göstərilən vəsaitin 20 019 100 (iyirmi milyon on doqquz min yüz) manatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb.
Dövlət başçısının imzaladığı növbəti Sərəncamı sosial müdafiə və reabilitasiya əhəmiyyətli müəssisələrin inkişafı və şəbəkəsinin genişlənməsində mühüm addımların atılmasını təmin edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən qəzetimizə verilən məlumata əsasən, ötən dövrdə dövlət başçısının uğurlu sosial siyasəti əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas qruplardan olan vətəndaşlara dövlət qayğısının artırılması sahəsində ardıcıl şəkildə mühüm addımların atılmasını təmin edib. Bu siyasətin tərkib hissəsi kimi, yeni sosial təyinatlı obyektlər, o cümlədən, sosial xidmət və reabilitasiya məqsədli müəssisələr tikilərək istifadəyə verilib. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün artıq 14 reabilitasiya və 15 sosial xidmət müəssisəsi vardır.
Sosial xidmət və reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətdə mühüm işlər aparılır. Bu sahədə növbəti addımlar kimi, ötən ay Yevlax və Naftalan şəhərlərində əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri, Mərdəkan Müalicə Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra və müasir ləvazimatlarla və avadanlıqlarla təchiz olunmaqla istifadəyə verilib. Hazırda Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran Regional Bərpa Mərkəzlərində, Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında, Gəncə Pensiyaçılara Ərazi-Sosial Xidmət Mərkəzində, Göygöl və Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisələrində əsaslı təmir və yenidənqurma işləri davam edir. Qobustan Sosial Adaptasiya Mərkəzi və Gəncə Peşə-Tədris Mərkəzi də yaxın vaxtlarda istifadəyə veriləcək.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2019-cu il tarixli Sərəncamı ilə bir sıra sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və avadanlıqla təchizatı məqsədilə maliyyə vəsaitinin ayrılması bu sahədə işlərin uğurla davam etməsinə imkan yaradır. Sərəncam üç istiqaməti - tikintisi nəzərdə tutulan sosial təyinatlı obyektlərin layihələndirilməsini, onların tikintisini, sosial təyinatlı obyektlərdə əsaslı təmir və yenidənqurmanı, bu müəssisələrdə bərpa yolu ilə gücləndirməsi və avadanlıqla təchizat işlərinin aparılmasını nəzərdə tutur. Nəticə etibarilə sənəd müasir tələblərə uyğun yeni sosial xidmət və reabilitasiya müəssisələrinin istifadəyə verilməsinə, bu sahə üzrə infrastrukturun genişlənməsinə, ayrı-ayrı bölgələrdə də yeni bərpa mərkəzlərinin tikintisinə təminat verir.
Nəzakət ƏLƏDDİNQIZI