Əhməd Şəfəq: “Azərbaycanda qonaq deyiləm” - AÇIQLAMA

14 Mart 2011 23:19 (UTC+04:00)
Martın 18-də türk dünyasının məşhur yazıçısı, bəstəkarı və estrada müğənnisi Əhməd Şəfəq Bakıda Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış edəcək. Türk sənətçisi hələ keçən ilin sonlarında Bakıda keçirdiyi Azərbaycan-Türkiyə qardaşlığının nümunəsi olan "Eşq və Vətən" adlı albomunun təqdimatında belə bir möhtəşəm konsert proqramı ilə çıxış  edəcəyinə söz vermişdi. Əhməd Şəfəq Azərbaycana ilk dəfə 2004-cü ildə qonaq gəlib. Əvvəlcə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında, sonra Sumqayıtda və Gəncədə maraqlı konsert proqramları ilə çıxış edib. Sənətçinin 2007-ci ildə Heydər Əliyev adına sarayda təqdim etdiyi geniş konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Əhməd Şəfəq Azərbaycana heyranlığını gizlətmir və onu "Xəzinə ölkə" adlandırır: "Artıq mən Azərbaycana, Azərbaycan da mənə alışdı. Türkiyə türkü də olsam, qonaq deyiləm. Haraya gedirəmsə gedim, bu qardaşlığın hekayəsi xatirimdə canlanır". Bütün türk dünyasının sənətçisi adını alan Əhməd Şəfəq əsərləri və mahnıları ilə bütünlüklə türk dünyasına xidmət edir. Bu günə qədər 6 kitabı, 9 albomu işıq üzü görən sənətçi bütün yaradıcılığında Vətənə olan intəhasız sevgisindən söhbət açır.
Əhməd Şəfəqin rok üslubunda ifa etdiyi mahnılarında döyüşkənlik, mübarizlik ruhu bütünlüklə türk millətinin ruhunu ehtiva edir. Sənətçinin konsertlərdə marş kimi səsləndirdiyi "Azərbaycan-Türkiyə" mahnısı dünyaya səpələnən milyonlarla azərbaycanlını birliyə səsləyir. "Mən ölümsüz bir millətin mənsubuyam. Millətim əhval-ruhiyyədən düşdüyü vaxt onları ruhlandırmaq üçün mücadilə aparıram. O üzdən istəyirəm ki, toplum ruhdan düşdüyü vaxt yenidən əhval-ruhiyyəyə köklənsin. Milləti parçalamaq istəyənlərə qarşı onu bütövləşdirmək üçün mücadilə edirəm", - deyə Əhməd Şəfəq müsahibələrində bildirir. Böyük sənətçi bu gün bütün dünyaya səpələnən türklərin birliyinin olmamasının səbəbini onların sözlə əməlinin üst-üstə düşməməsi, əməldə birliklərinin olmaması ilə əlaqələndirir: "Mənim gördüyüm hər bir işdə Əli bəy Hüseynzadənin, Əhməd Cavadın, Hüseyn Cavidin, Mirzə Cəlilin yolu var. Mən onların zaman-zaman gördüyü işləri mədəniyyətimiz, ədəbiyyatımız üçün həyata keçirmək istəyirəm. Mən öncəliklə Azərbaycana yönələn işlər görmək istəyirəm. Bu işi qarşıma bir vəzifə, bir borc kimi qoymuşam".
Vətən sevgisini ən böyük sevgi hesab edən Əhməd Şəfəqin mahnılarının çoxu da Vətən haqqındadır. Türk milli fəlsəfəsinə söykənən sənətçi özünü Mustafa Kamal Atatürkün davamçısı adlandırır. O, millətinə mənsub olmasını sənətindən qat-qat üstün tutur. Əhməd Şəfəq təkcə mahnıları, əsərləri ilə deyil, bütün varlığı ilə həmişə xalqımızın yanında olduğunu isbat edib.
Böyük auditoriyalarda çıxış etməyə alışan, yüz minlərlə insanların qarşısında oxuyan sənətçi həmişə Azərbaycanın bayrağının yüksəklərdə olmasını arzulayır. Azərbaycana olan sevgisi Əhməd Şəfəqin yaradıcılığından qırmızı xətlə keçir. Vətənpərvər bir sənətçi kimi o, xalqımızın başına gətirilən fəlakətləri dünya ictimaiyyətinə çatdırmağa çalışır. O, Xocalı soyqırımını dünyaya yaymağı, hər kəsə xatırlatmağı bir vətənpərvər olaraq qarşısına məqsəd qoyub. Qarabağ savaşlarında Azərbaycan xalqının qəhrəmancasına savaşdığını deyən sənətçi baş verən faciələrin memarının Rusiya olduğunu bildirir: "Rus tank birləşmələrinin Qarabağın işğalındakı rolunu artıq bütün dünya bilməkdədir".
Əhməd Şəfəqin yaradıcılığı həmçinin Türkiyə-Azərbaycan münasibətlərinin daha da sıxlaşmasına xidmət edir. "Azərbaycandakı azadlıq hərəkatını batırmaq üçün 1990-cı ilin 20 yanvarında rus tanklarının xaincə, zalımca əzdiyi Azərbaycan xalqı ilə Qarabağ savaşında şəhid düşənlərin əbədi yatdıqları Şəhidlər Xiyabanı ilə Mehmetcik xatirə məzarı yan-yanadır. Xiyabana bir gül qoyan el gəlib bir gülü qardaşı Mehmetin xatirə məzarına da qoyur. Türkiyəli populyar sənətkarların hamısının həyat hekayələri Azərbaycanda da tanınır.
Bakının 1918-ci ildəki düşmən işğalından qurtuluşu xalqın sinəsində yer edib. Nuru Paşanı tanımayan tapılmaz. Türk ordusunun Bakıya girişinin fotoları hələ də bir çox yerlərin divarlarını bəzəyir. Bu gün türk siyasətindəki hadisələr Azərbaycan televiziyalarında əsas xəbərlərdir. Bütün bunlar müstəqil bir ölkənin sosial yaşamında gerçəkləşməkdədir", - deyə sənətçi bildirib.
Dünyanın böyük ölkələrinə etdiyi səfərləri zamanı Əhməd Şəfəq Azərbaycan həqiqətlərini həm mahnılarının dili ilə, həm də müsahibələrində danışır. Azərbaycana hər gəlişini isə Vətənə gəlişi adlandırır. Martın 18-də gerçəkləşdirəcəyi konsertinə də Azərbaycana olan sevgisinin tərənnümü kimi baxır.