Qobustan rayonu ərazisində yerləşən Şıxzəyirli palçıq vulkanında püskürmə yeraltı təkanlar səbəbindən baş verib. Hazırda vulkandan qaz çıxır, 1,5 m hündürlükdə alov müşahidə olunur. Bunu SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Palçıq vulkanizmi bölməsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Adil Əliyev bildirib. Onun sözlərinə görə, hazırda AMEA Geologiya İnstitutunun əməkdaşları Şıxzəyirli və digər palçıq vulkanlarında araşdırmalar aparırlar: "Bu ərazidə mütəmadi qeyd olunan yeraltı təkanlar hər zaman palçıq vulkanlarının püskürməsinə səbəb ola bilər. Hazırda isə vulkanın krater sahəsində böyük miqdarda püskürmə tullantıları var".
Eyni zamanda Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanda qeydə alınan vulkan püskürməsi ilə məlumat yayıb. Hadisə martın 13-də Qobustan rayonu ərazisində qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, püskürmədən öncə həmin ərazidə partlayış səsi eşidilib, palçıq brekçiyası püskürüb, sonra isə alov görünüb. Alovun hündürlüyü 50 m-dən yüksək olub. Baş verə biləcək fövqəladə halların qarşısının alınması məqsədilə FHN-in mütəxəssisləri və xilasediciləri dərhal hadisə yerinə göndərilib. Vulkan ətrafında mövcud olan bəzi sobkalarda palçıq axını müşahidə olunur. Vulkan püskürməsi kənd əhalisi üçün təhlükə törətmir. Mütəxəssislər araşdırmaları davam etdirirlər.
Qeyd edək ki, dəniz səviyyəsindən 639 m hündürlükdə olan Şıxzəyirli palçıq vulkanı sonuncu dəfə 2001-ci ildə püskürüb. Xatırladaq ki, Azərbaycan yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınıb. Planetimizdə olan 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir.