Yad daşları özününkülərə atan “bədbəxt”lər

3 Dekabr 2019 12:24 (UTC+04:00)

Uşaqlıq və gənclik yaşlarımda eşitdiyim çox rəvayətlər, hekayətlər var ki, hər bir həmyaşıdım kimi, mən də o zaman bunları, sadəcə, əyləncə xatirinə dinləyərdim. Bu rəvayət və hekayətlərin fəlsəfəsini, daşıdığı fikir yükünü doğru-düzgün dərk eləməsəm də, maraqlı olduğuna görə dinləyər və yaddaşıma həkk edərdim. Yaşlandıqca, həyatın məngənələrində sıxılıb-buraxıldıqca, əyləncə kimi dinlədiyim həmin rəvayət və hekayətlərin həyat fəlsəfəsinin mahiyyətini özündə necə ehtiva etdiyini anlamağa başladım...

O illərdə qəribə bir hekayə də eşitmişdim: «Deyilənə görə keçmiş zamanlarda bir kənddə hər kəsin çox hörmət bəslədiyi Süleyman adlı kişi yaşayırmış. Bu kişiyə hörmət gətirən əsas amil də o imiş ki, heç kimin qəlbini qırmaz, hamı ilə mehriban davranar, hətta onu təhqir edənə də güldən ağır bir kəlmə söz deməzmiş. Günlərin bir günü kənddə Süleyman kişinin hamı tərəfindən belə sevilməsini həzm edə bilməyən (Necə ki, indiki iqtidara xalqın sevgisini həzm edə bilməyən müxalifət adlanan bəzi siyasət dəllalları həzm edə bilmir) bir-iki nəfər yığışıb, həmin kənddə yaşayan “Bəxtəvər” təxəllüsü ilə tanınan ruhi xəstə birinə yeməkdən-içməkdən alıb qızışdırırlar ki, Süleyman kişini əsəbləşdirsin. “Bəxtəvər”i öyrədirlər ki, gedib gecə yarısı Süleyman kişinin evinə daş atıb qaçsın. Gecə, hamının yatdığı saatlarda “Bəxtəvər”gəlir Süleyman kişinin evinə beş-altı daş atıb qaçır. Bir gün, iki gün, Süleyman kişidən səs-səmir çıxmır. “Bəxtəvər” görür ki, kişi durub çıxır həyət qapısının (yəni darvazanın) ağzına, o tərəf-bu tərəfə baxır, sonra da başını yelləyib gedir, bir kəlmə söz belə işlətmir. Nəhayət, bir gecə daşı o qədər çox atır, elə səs-küy salır ki, evdəki qadınlar-uşaqlar da səsə oyanıb, qorxuya düşürlər. Bu vəziyyətdən pəjmürdə olan Süleyman kişi dözməyib, həyət qapısının qarşısına gəlir və səsini bir qədər qaldırıb deyir: “Ay daş atan bəxtəvər, daşın da bir vaxtı var. Arvad-uşaq yatıb axı...” Sözləri eşidən “Bəxtəvər” Süleyman kişinin daşı onun atdığını bildiyini güman edir və gizləndiyi yerdən çıxır, gəlir Süleyman kişinin yanına və daşları onun atdığını hardan bildiyini soruşur. Süleyman kişi deyir ki, mən sənin atdığını bilmirdim, söyüş əvəzinə daş atanın qəlbinə toxunmamaq üçun “bəxtəvər” sözünü işlətdim. Bu sözləri eşidən yarımağıl “Bəxtəvər” daş atmasının səbəbini açıqlayır və ondan üzr istəyir. Sonra sual verir ki, niyə deyir daşın vaxtı var? Süleyman kişi azca gülümsəyib, cavab verir ki, gecənin bu vaxtı evə daş atan şübhə yoxdu ki, kişidi. Yəqin evin kişisi ilə bir haqq-hesabı ola bilər. Kişi də bütün günü çöldə-bayırda olur. Daşı da çöldə-bayırda da ata bilər. Odur ki, deyirəm, daş atmağın bir vaxtı var...

İndi oxucum deyəcək ki, bu rəvayəti niyə danışıb vaxtımızı alırsan? Bir az səbr edin, indi açmasını deyirəm, siz də bilin. Bütün demokratik ölkələrdə olduğu kimi, ölkəmizdə də iqtidar və ona opponentlik edən müxalifət var. Müxalifətin vəzifəsi də, digər demokratik ölkələrdə olduğu kimi, hakimiyyəti gözdən salmaq, onun siyasətinin yanlış olduğuna xalqı inandırmaq və özünə tərəfdarlar toplayıb, seçkilərdə qalib gəlib hakimyyətə yiyələnməkdən ibarətdir. Bizim bəzi müxaliflərimiz isə xalqa özünü sevdirmək, xalqdan dəstək almaq əvəzinə, gedib oturublar düşmənlərimizin qucusunda, ağızlarına qənfetdən-zaddan qoyan kimi, başlayırlar çığırıb-bağırmağa. Yəni həmin düşmənlər başqa variantlarla Azərbaycan iqtidarını tutduğu yoldan döndərə bilmədiklərindən,əl atırlar “daş atan bəxtəvər (oxu:bədbəxt)lər”ə. Bu bədbəxtlər də, ağına-bozuna məhəl qoymayıb, vaxtlı-vaxtsız iqtidarı başlayırlar “daşlamağa”. İş o yerə çatıb ki, iqtidardan istədikləri korrupsiyasız cəmiyyət uğrunda mübarizəni, yenilik uğrunda mübarizəni sürətlə həyata keçirən iqtidara “daş” atırlar. Düşünmürlər ki, dünyanın yarısı türk qənimi olduğu, düşmənlərimiz başımızın üstündə qara buludlar puflədiyi indiki zamanda, bu “daşlar” iqtidara deyil, birbaşa dövlətə tuşlanmış olur. İqtidar “yuxarıdan inqilab” deyilən çox ciddi, çox ağrılı və həm də çox riskli bir siyasi kurs götürüb. Ən azı, belə bir vaxtda belə iqtidara daş atanlar rəvayətdəki Bəxtəvərin səviyyəsində olanlardır. İndi bildiniz, bu rəvayəti danışıb niyə qızıl kimi vaxtınızı məşğul elədim? Rəvayətdəki Süleyman kişinin kəlamında balaca bir düzəliş etsək, lap elə bizim əl müxalifətimizin indiki fəaliyyəti üçün deyilmiş kimi səslənir: “Ay daş atan bədbəxtlər, daşın da öz vaxtı var!”

Təhmasib Novruzov