Lənkəran Peşə Liseyində Günəş İstilik Su Paneli hazırlanıb

3 Dekabr 2019 10:16 (UTC+04:00)

Lənkəran Peşə Liseyinin gənc texnikləri Liseyin istehsalat təlim ustası Etibar Nəhmətlinin rəhbərliyi altında alternativ və ekoloji təmiz enerji ilə bağlı daha bir qurğu düzəldiblər. SİA-nın məlumatına görə, bir neçə ay öncə mexaniki enerjini (velotrenajor) elektrik enerjiyə çevirən qurğudan sonra Liseydə Günəş İstilik Su Paneli hazırlanıb və sınaqdan keçirilib. Sənaye üsulundan fərqli olaraq bu panel sadə və əlaltı materiallardan hazırlanıb. Günəş işığının hərarəti 5-10 dərəcə təşkil etsə belə, panelin verdiyi enerji suyu 50 dərəcəyədək qızdırır. Bu da imkan verir ki, qış aylarında ucqar təsərrüfatlarda çalışanlar isti sudan istifadə edə bilsinlər.

Liseyin direktoru Afər Kərimov əməkdaşımızla söhbətində bildirib ki, bu işləri görməkdə əsas məqsədimiz tələbələri daha innovativ layihələrə cəlb etmək, onların innovativ biznesə qoşulmalarına dəstək olmaq və sosial ekoloji məsuliyyətini artırmaqdır.

Sərraf Talıbov