Bölgələrdə həkim məntəqələrinin vəziyyəti ilə bağlı araşdırmanı SİA-nın bölgə muxbiri bu dəfə qərb bölgəsinin ən böyük rayonlarından olan Şəmkirdə aparıb. Rayonun kəndlərində lentə alınan görüntülər bir daha göstərdi ki, həkim və tibb məntəqələrinin vəziyyəti sözün həqiqi mənasında biabırçı haldadır.
Əliyaqublu kəndində 17-ci əsrin tapıntılarını xatırladan həkim məntəqəsinin binası 20 ildən çoxdur ki, tikilib. Bu məntəqədə çalışan tibb işçilərinin xidmətlərindən 2 minə yaxın vətəndaş "yaralanır". Əgər buna tibbi xidmət demək mümkündürsə.
Məntəqədə köhnədən qalan invertarlardan istifadə olunur. Bəzi dərman preparatları sanitar normaların tələblərinə cavab verməyən şəraitdə saxlanılır. Tibb ocağı mavi yanacaq olmadığından elektrik enerjisi ilə qızdırılır. Elektrik naqilləri isə necə gəldi çəklib. 50 ildən artıqdır kəndin tibb məntəqəsində çalışan, son 20 ilini isə bu binada işləyən qocaman tibb bacısı Səriyə Mustafayeva bildirir ki, məntəqənin vəziyyəti ilə əlaqədar dəfələrlə Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nurəddin Əhmədov başda olmaqla digər rəsmi şəxslərə məlumat verilib. Lakin, problemin həllinə kömək edən tapılmır.
"Dəfələrlə müraciət etmişik, demişik ki, bina uçur, bir gün altında qalacağıq. Ancaq deyilənlərə məhəl qoyulmur. Bizlərə deyirlər ki, özünüz təmir edin, ya da yola verin getsin. Mən və həmkarlarımın aylıq məvacibi 100 manatdır. Bu məbləğlə necə təmir etdirə bilərik? Vəd verənlərin sayı çox olsa da 20 ildir problemi həll edən yoxdur. Uzun sözün qısası gələnə deyirəm, gedənə deyirəm, ancaq özüm eşidirəm"
Məntəqədə çalışan digər tibb bacısı, 12 ildir Əliyaqublu kəndində çalışan Zenfira Mustafayeva isə dərman preparatlarının çatışmazlığından şikayət edib. Onun sözlərinə görə səhiyyə ocağında adi tibbi xidmət aparmaq üçün belə dərman preparatları taplımır: "Görürsünüz heç bir dərman preparatı və şəraitimiz yoxdur. Antibiotiklər çatışmır. Bir hadisə olsa, qəza baş versə dərman qıtlığı problemi yaşanacaq".
Araşdırmamız zamanı bir neçə kənddə də tibb və ya həkim məntəqələrinin qapılarının bağlı olduğunu gördük.
Əlibala Eyyubov adına Sabirkənd həkim məntəqəsində iş vaxtı olsada heç kim tapılmadı. Sakinlərlə apardığımız söhbət zamanı məlum oldu ki, məntəqənin işçiləri cəmi 1 və ya 2 saat işləyir. Çünki, burada vəziyyət ürəkaçan olmadığından səhhətində narahatlıq hiss edən vətəndaşlar özlərini tibb məntəqəsinin personalına etibar etmir. Bir sözlə, Şəmkirin həkim və tibb məntəqələrinin yararsız vəziyyətdə olması əhalinin burada çalışanlara olan inamını da sarsıdıb.
Sarıtəpə kənd həkim mənətəqəsini də bağlı gördük. İşçilər çoxdan öz vəzifələrini başa vurmuş hesab edərək hərə öz evinin yolunu tutub. Görünür ən azı 8 saatlıq iş rejimi, hansısa mənfəət naminə, ya da bizə məlum olmayan səbəbdən Şəmkirdə cəmi 2 saat tətbiq olunur. Ən qəribəsi isə Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nurəddin Əhmədovun yaranan vəziyyətə olan münasibətidir. Baş həkimin sözlərinə görə, mətbuat nümayəndələrinə hər hansı açıqlama verməyi səhiyyə naziri Oqtay Şirəliyev qadağan edib: "Səhiyyə naziri Oqtay Şirəliyev keçirdiyi son kollegiya iclasında mətbuat nümayəndələrinə açıqlama verməyi qadağan edib. Odur ki, mən məsələ ilə bağlı hər hansı mövqe bildirə bilmərəm".
Görünür baş həkim Nurəddin Əhmədov kəndlərdəki tibbi xidmətin vəziyyətini, həkim məntəqələrinin hansı kökdə olduğunu yaxşı bildiyi üçün deməyə sözü qalmayıb.