YAP öz namizədlərini bugünkü tələblərə uyğun irəli sürəcək

2 Dekabr 2019 17:57 (UTC+04:00)

Bildiyimizi kimi Yeni Azərbaycan Partiyasının Siyasi Şurası iclas keçirərək qərara gəliblər ki, Yeni Azərbaycan Partiyasından Milli Məclisdə təmsil olunan deputatlar parlamentin buraxılması ilə əlaqədar müraciət qəbul etsin və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Milli Məclisin gündəliyinə məsələ çıxarsın, daha sonra Milli Məclis adından da ölkə başçısına müraciət edilsin. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, təbii ki, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının bu qərarı ilk növbədə ölkədə gedən sürətli iqtisadi inkişaf templərinin cənab Prezident tərəfindən aparılan həm iqtisadi, həm siyasi islahatların davamı kimi qəbul olunur və bildiyimiz kimi İcra Hakimiyyəti orqanlarında həm struktur, həm kadr dəyişikliyi aparılıb: “Bu Prezident Andministrasiyasında da həyata keçirilib, yeni Nazirlər Kabineti formalaşdırılıb. Bu aparılan islahatlar fonunda eyni zamanda cənab Prezidentimiz aprel ayında Məhkəmə-hüquq sahəsində islahatların aparılması ilə əlaqədar müvafiq sərəncamı verib. Hakimiyyətin üçüncü qolu kimi Yeni Azərbaycan Partiyasının Siyasi Şurası qərara gəlib ki, məhz bu sahədə də islahatların aparılması məqsədi ilə qərar qəbul olunsun. Milli Məclis təyinatlı bir orqan deyil, seçkili bir orqandır”.

C.Osmanov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası namizədlərinin müraciəti qəbul olunarsa, Prezident tərəfindən sərəncam verilərsə və növbədənkənar parlament seçkiləri keçirilərsə, Yeni Azərbaycan Partiyası bugünkü tələbatlara uyğun öz namizədlərini irəli sürəcək və çalışacaq ki, növbəti dəfə parlamentdə çoxluğu yenə də Yeni Azərbaycan Partiyası qazansın və eyni zamanda partiya Milli Məclisdə daha müasir tələblərə cavab verən deputatlarla təmsil olunsun: “Amma bütün bunlara baxmayaraq seçkilərdə yekun söz təbii ki, seçicilərindir. Bu gün cənab Prezidentimiz tərəfindən aparılan sosial, siyasi və iqtisadi islahatlar xalq tərəfindən yüksək qiymətləndirilir. Ümid edirik ki, növbədənkənar parlament seçkiləri olacaqsa, Azərbaycan xalqı növbəti dəfə Yeni Azərbaycan Partiyasının millət vəkillərinə dəstək olacaqlar və Milli Məclisdə yenə də Yeni Azərbaycan Partiyasını təmsil edən vəkillər çoxluq təşkil edəcəklər”.