Əmək və Sosial Münasibətlər Akademiyasında valideynlərlə görüş olub

1 Dekabr 2019 16:20 (UTC+04:00)

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təhsil alan tələbələrin valideynləri ilə akademiyanın rektoru Hüseyn Qaraşovun və professor-müəllim heyətinin görüşü keçirilib. Akademiyadan SİA-ya bildiriblər ki, görüşdə əsasən I tədris ilində təhsil alan tələbələrin valideynləri iştirak ediblər. Görüşün məqsədi cari tədris ilində tələbələrin təhsil göstəriciləri və tədris prosesini mənimsəmə səviyyələri haqqında valideynləri məlumatlandırmaq, onların tədris prosesi ilə əlaqədar təklif və iradlarını dinləmək və imtahan prosesində valideynlərin iştirakını təmin etməkdən ibarət olub.

Rektor Hüseyn Qaraşov tələbələr, onların valideynləri və professor-müəllim heyəti ilə bu barədə müzakirələr aparıb. Valideynlər tələbələrin dərsə davamiyyəti, onların dərslərdəki göstəriciləri, tədris prosesini mənimsəmə səviyyələri haqqında məlumatlandırılıb. Rektor, həmçinin müəllim–valideyn münasibətlərinə də fikrini bildirərək qeyd edib ki, professor-müəllim heyətindən başlıca tələbimiz biliyin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsidir.

Görüş faydalı fikir mübadiləsi və maraqlı təkliflərlə yadda qalıb. Rektor valideynləri semestr imtahanlarını şəxsən izləməyə, imtahanların keçirilməsinə və yaradılan şəraitə münasibət bildirməyə dəvət edib.

Sonra valideynlər çıxış ediblər.