Söz və mətbuat azadlığı demokratiyanın əsas dəyəridirmi?- ANALİZ

13 Mart 2011 23:00 (UTC+04:00)
Qəribə orasıdır ki, dünyada demokratikləşmə prosesi söz və mətbuat azadlığının məhdudlaşdırılması ilə müşayiət olunur. Özü də belə hallara təkcə üçüncü dünya ölkələrində yox, ən sivil, demokratik hesab olunan ölkələrdə də rast gəlinir. Beynəlxalq təşkilatların hesabatlarında jurnalistlərə və mediaya təzyiqlərin getdikcə daha pis şəkil aldığını bildirilir.

Dünya ölkələrində jurnalistlərin və medianın vəziyyəti getdikcə ağırlaşır

Beynəlxalq təşkilatların rəqəmlərinə əsasən, 2010-cu ildə jurnalistləri öldürmək, həbs etmək, oğurlamaq, fiziki təzyiqə məruz qoymaq, mətbuata senzura etmək halları artıb. "Sərhədsiz Reportyorlar" Təşkilatının 2010-cu il Mətbuat Azadlığı hesabatına görə, 2010-cu ildə dünyada 57 jurnalist öldürülüb. 51 jurnalist oğurlanıb. 533-ü həbs edilib. 1374 jurnalistə hədə-qorxu gəlinib və ya psixi təzyiqə məruz qalıb. 504 media orqanı senzuraya məruz qalıb. 127 jurnalist ölkəsindən qaçıb. Beynəlxalq Mətbuat İnstitutunun məruzəsində isə bildirilir ki, hazırda mətbuat nümayəndələri üçün ən təhlükəli qitə Amerikadır. Ötən il orada ən azı 20 jurnalist öldürülüb. Ötən il Asiyada 20, Afrikada 10 jurnalist öldürülüb.

Misirdə və digər ərəb ölkələrində son iğtişaşlar zamanı öldürülən jurnalistlər var. ABŞ-ın İraqa müdaxiləsindən bəri bu ölkədə öldürülən jurnalist sayının 230 olduğu açıqlanıb. Ötən ilin dekabrında Fransada məşhur jurnalist "Le Parisien" nəşrinin sabiq siyasi şərhçisi, "FR3" radiosunun əməkdaşı Bernar Mazner qətlə yetirilib. "The Wall Street Journal"ın yazdığına görə, Rusiya jurnalistlərin həyatı üçün ən təhlükəli ölkələrdən biridir. Son 10 ildə Rusiyada öldürülən jurnalistlərin sayı 20-yə çatıb. 2010-cu ildə oğurlanan jurnalistlərin sayı artmaqda davam edib. Onları oğurlayanların tutulması və cəzalandırılması faktları isə azdır. Ötən il həmçinin internet yazarlar və bloqqerlər üçün də təhlükəli olub. Məsələn, ötən il 152 bloqqer və internet yazarı həbs olunub, 52-si döyülüb. 62 ölkədə internetə senzura qoyulub.

Ən demokratik ölkələrdən hesab olunan Türkiyədə də həbs olunan media nümayəndələrinin sayı artır. Türkiyədə apardığı jurnalist araşdırmaları ilə tanınan "Milliyet" qəzeti və "Star" televiziyasının əməkdaşı Nedim Şənər və tanınmış jurnalist Ahmet Şık da daxil olmaqla 9 jurnalist martın 3-də həbs olunub. Bununla da Türkiyədə həbsdə olan media mənsublarının sayı 62-yə çatıb. Onların hamısı Türkiyədəki mövcud hökumətə qarşı müxalif mövqedədir.
Fikrimizcə, Azərbaycan jurnalistləri bu hallara biganə qalmamalı, etiraz səslərini çıxarmalı, öz həmkarlarına dəstək nümayiş etdirməlidir. Bu həmrəylik dünya ictimaiyyətinə və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə çatdırılmalıdır.

Azərbaycanda jurnalist fəaliyyətinə görə öldürülən, oğurlanan, həbs olunan yoxdur

Bizim ölkədə ötən il heç kim jurnalist fəaliyyətinə görə öldürülməyib, oğurlanmayıb, heç bir media orqanı bağlanmayıb ya da senzura qoyulmayıb. Əksinə, dövlət-media münasibətləri daha da yaxşılaşıb, dövlət medianın inkişafı üçün müxtəlif proqramlar həyata keçirir, maliyyə vəsaiti ayırır. Bir para araqarışdıranlar iddia edirlər ki, Azərbaycanda mətbuatın normal fəaliyyəti üçün şərait yoxmuş, guya jurnalistlərə təzyiqlər var imiş. Lakin faktlar bunun əksini göstərir.

Yaxşı bilirsiniz ki, media azadlığı dedikdə, cibinə bir jurnalist vəsiqəsi qoyub cinayət törətmək nəzərdə tutulmur. Bəs o zaman nədən konkret cinayət əməlinə görə haqlarında qanuni tədbir görülən 1-2 nəfərin jurnalist olduğu həbs olunanda yada düşür. İndi hər kəs nəsə yazıb hardasa çap etdirir, bu o demək deyil ki, həmin şəxs qanunu pozanda cəzalanmamalıdır. Azərbaycanda həbsdə olan olan bir-iki nəfər radikal müxalifətçini bəziləri jurnalist kimi qələmə verirlər. Bununla da həmin şəxslərin sanki törətdiyi cinayətə görə cəzalarını azalacağını düşünürlər.

Əslində isə, həmin şəxslər jurnalist fəaliyyətinə görə yox, konkret qanun puzuntusuna görə həbs ediliblər. Dünyanın heç bir ölkəsində cinayət törədən şəxsin (jurnalist olsa belə) məsuliyyətdən azad edilməsi ilə bağlı qanun yoxdur.
Ölkəmizdə söz azadlığından dəm vuranlar özləri də tənqidə dözmürlər. Azad mətbuatın davasını döyənlər, azad və doğru sözü həzm edə bilmirlər. Müxalifət liderlərini hansısa qəzetdə tənqid edəndə çox sərt reaksiya verirlər, amma öz qəzetlərində kimi istəyirlər təhqir və şantaj etdirirlər. Tabeliklərində olan jurnalistlərdən böhtan, qərəz və şantaj yüklü yazılar tələb edən "lider"lər, onlardan yalnız öz məqsədləri üçün istifadə edirlər.

Söz və mətbuat azadlığının Azərbaycan nümunəsi

Heç kimə sirr deyil ki, Azərbaycanda müstəqil mətbuatın, jurnalist azadlığının təmin edilməsi üçün hər cür şərait yaradılıb. Son vaxtlar müxalifət mətbuatında ölkədə mətbuat azadlığının olmaması haqda qərəzli yazıların sayı artıb. Bu cür yazıların müəllifi dövləti, hakimiyyəti və xalqı təhqir edir və yazının sonunda da şikayətlənirlər ki, jurnalistlərə azad fikir səsləndirməyə imkan verilmir, mətbuata təzyiqlər var-filan. Elə bu yazıların özü ölkədə azad mətbuatın olduğunu göstərir. Adama deyərlər ki, bəs mətbuat azadlığı, söz azadlığı yoxdursa, uzun illərdir siz necə ağlınıza və ağzınıza gələni yazırsınız, kimi istəsəniz təhqir edirsiniz?

9 milyon əhalisi olan ölkədə 4 mindən artıq kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib (internet saytlarının isə sayı-hesabı bilinmir), kim necə istəyir qəzet-jurnal buraxır, kimin ağlına nə gəldi yazır, bəs bunlar mətbuat azadlığı deyil nədir? Bəzən müxalifət yazarları bir qədər də qabağa gedərək bütün milləti və ya xalqın böyük bir qrupunu təhqir edirlər. Məsələn, özlərini dəstəkləməyən insanları kölə, məzlum, bədbəxt və burada qələmə ala bilməyəcəyim (jurnalist etikam buna imkan vermir- E.B.) daha ağır sözlərlə təhqir edirlər. Bax bu artıq ultra azadlıqdır! Bundan o yana "söz" azadlığı olmur!

Bəzilərinə sərf edir ki, media sahəsində tam anarxiya yaransın və nəticədə təhqir və şantaja görə cəzasız qalsınlar. Belə bir analogiya dünyanın heç bir ölkəsində yoxdur. Azərbaycanda dövlət ölkə mediasının inkişafı üçün hər cür şərait yaradır. Son illər ölkədə medianın nəzərəçarpacaq inkişafı müşahidə olunur. Bütün bunlar onu göstərir ki, Azərbaycanda mətbuat azadlığı, söz azadlığı üçün hər cür şərait var, çatışmayan obyektivlik və qərəzsizlikdir.