Ağılsız Oğuza "oğuz şapalağı"

28 Noyabr 2019 19:59 (UTC+04:00)

Müasir dövrün yenilikləri, hər kəsin həyatında müxtəlif cür özünü göstərir. Yəni elə kəslər var ki, yeniliklərindən bəhrələnməklə, özünün mənəvi dünyasını zənginləşdirməklə yanaşı, cəmiyyətə də töhfələr verir. Ancaq elə məxluqlar var ki, həyata dar çərçivədə qaranlıq hücrədən baxdıqlarından, qlobal dəyişiklikləri və yenilikləri düzgün dəyərləndirib, qiymətləndirə bilmir. Daha çox şərə, böhtana üstünlük verir, haqqı və ədaləti inkar etməyə çalışır. Vay o günə ki, ikinci kateqoriyaya aid olan kəslər KİV-də çalışa və əlində qələm ola. Bu, birbaşa dilbilməz uşağın qaynar qazanı ocaq üstündən götürməyə cəhd etməsinə bərabərdir. Bu uşaq ağlında olan qələm əhli çox vaxt sifarişlərə daha çox üstünlük verir və heç bir halda, müstəqil düşüncəyə malik olmur.

Elə götürək, bu günlər Heydər Oğuz adında gah özünü şair-publisist adlandıran, bəzən də siyasətçi olduğunu hapa-gopa basan cahilin Naxçıvan nümayəndəliyinin, bu və ya digər səbəblərdən Bakıda yaşayan naxçıvanlıların şəxsiyyət vəsiqəsilə təmin olunması ilə bağlı gördüyü xoşməramlı işlərə kölgə salmağa cəhd etməsini göstərmək olar. Yalanın-iftiranın sərhədlərinin harda başlayıb, harda qurtardığını özünə aydınlaşdıra bilməyən bu cahil, Naxçıvan nümayəndəliyi və naxçıvanlılar haqqında ağlına deyil, ağzına gələni yazıb. Hətta utanıb-çəkinmədən, naxçıvanlıları didərgin adlandırıb. Məxluq, bu düşüncəsi və yanaşması ilə, hələ də qammır ki, elin bu başı - o başı olmaz. Əgər qubalı, qusarlı, lənkəranlı və ya zaqatalalı qədim tarixə malik Naxçıvanda gedib, özünə iş qurur, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ya hansısa universitetdə tələbələrə dərs deyirsə, naxçıvanlının da Bakıda və Azərbaycanın hansısa bir bölgəsində özünə iş qurub çalışması və yaşaması qəbahət sayılmamalıdır. Bundan fərqli düşünənlər savadsız və nadan şəxslər ola bilər, necə ki, Oğuz soyadlı məxluq Naxçıvan nümayəndəliyinin Bakıda yaşayan naxçıvanlıların şəxsiyyət vəsiqəsi ilə təmin olunması ilə bağlı gördüyü işlərə özünün dayaz düşüncəsi prizmasından yanaşır.

Məqaləyə qısaca nəzər yetirmək kifayətdir ki, yazının qərəz və qisasçılıq zəminində yazıldığını görəsən. Bir daha bəlli olar ki, nadan qələm əhli öz ağlı ilə deyil, hər kəsə bəlli olan şəxsdən aldığı 5-3 manat müqabilində xeyirxah əmələ kölgə salmağa çalışıb. Çünki özü birbaşa Naxçıvan nümayəndəliyində olub, insanların necə rahat, heç bir çətinliklə, problemlə üzləşmədən, qısa müddətdə şəxsiyyət vəsiqələrini aldıqlarını görsəydi, söz yox ki, həqiqət işığına kor baxmazdı. Həm də, ona aydın olardı ki, şəxsiyyət vəsiqələri Taarif Şurasının müəyyənləşdirdiyi qiymətlərə uyğun ödənişlə insanlara verilir. Vətəndaş məmnunluğu yaratmağa hesablanan bu cür addımları dəyərləndirməmək nankorluq və nadanlıqdır. Həm də Naxçıvana və naxçıvanlılara qarşı qərəzin nümunəsidir. Onun bu qərəzi və düşmənçiliyi işğalçı Ermənistanın və onun havadarlarının Naxçıvana olan məkrli münasibətlərindən bəllidir. Belə çıxır ki, düşmən ölkənin Naxçıvana olan yırtıcı münasibəti ilə müəyyən sifarişlər əsasında qərəzkarlıq nümayiş etdirən Heydər Oğuz kimilərin mövqeləri üst-üstə düşür.

Amma Naxçıvan inkişaf edir, gözəlləşir, abadlaşır, bir sözlə, onu istəməyənlərə göz dağı olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvanla bağlı dedeyi kimi: "Gözəl təbiəti, iqlimi, havası, binaları və ən önəmlisi gözəl insanları olan gözəl məkanın adı Naxçıvandır".

İ.ƏLİYEV