Dağıdıcılar Əli İnsanov “izində”

27 Noyabr 2019 16:34 (UTC+04:00)

Dağıdıcı müxalifətin son günlər sabiq səhiyyə naziri Əli İnsanov amilinə maraq göstərmələri əbəs yerə deyil. Xüsusilə, AXCP və "Milli Şura" kimi qurumların və onların təbliğat ruporu olan sosial şəbəkələrin İnsanov ətrafında var-gəl etmələri, onun adının gündəmə çıxarmalarına nail olması, əslində bir çox mətləblərdən xəbər verməkdədir. Halbuki korrupsioner və çörəyi dizinin üzərində olan İnsanovun səhiyyə naziri olduğu vaxtlar onun dövlətdən çapıb-taladığı milyonları barədə yazanlar, demək olar ki, hər gün səhifəsində palaz-palaz "yıxıb-sürüyən" yazılar verənlər də, bu gün onun təbliğatını aparan tərəflərdir. Bu zaman istər-istəməz belə bir sual yaranır ki, bir insan məlum cinayətlərinə görə həbsə düşdüyü müddətə qədər müxalifətin ən qatı düşməniydisə, nədən həbs olunan kimi onların dostuna çevrildi?

Əslində, bu sualın özündə sıralama cavablar mövcuddur. Məsələn, bu gün onun “HƏP”imiz müxalifətçiyik” kontekstində “lider" kimi "birləşdirici" rol oynayacağını deyənlər, əslinə puluna, varına-dövlətinə göz dikənlər toplumudurlar. Yəqin ki, bu ünsürün oğurladığı bir neçə yüz min haqq-hesabı var...

Yəni siyasi baxışlarını 100 dollara dəyişənlər üçün hətta onların nəsil-nəcabətlərini söyüb ciblərinə pul qoyanlar da liderə çevrilə bilər. Fakt da budur ki, bu gün əqidəsiz insanlar kimi tanınan pulbazlar indi də Əli İnsanovun qoltuğunun altına qarpız verməklə, ondan nə isə qopara biləcəklərini düşünürlər. Lakin görək müxalifətin özündə bu barədə necə düşünürlər?

Məsələn, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr Mirmahmud Mirəlioğlu sabiq nazir hələ həbsdə olarkən marqlı fikir söyləmişdi. O, demişdi ki, uzun müddət ildir həbsdə olan İnsanovun "müxalifətin əsas ümid yeri" kimi təqdim edilməsinə səbəb varidatıdır: "Onun mövqeyini bölüşənlər, dəstək verənlər, varidatına göz tikib, gələcəkdə bölüşdürmək istəyənlər mövcuddur. Amma Əli İnsanovun siyasi partiyaları birləşdirəcək şansının olduğunu düşünmürəm. Zamanın nə göstərəcəyi başqa məsələdir. Bizim partiyamız kiminsə ətrafında ola bilməz…"

Son günlər mediada tez-tez görünməyə başlayan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev də bir zaman demişdi ki, müxalifətin Əli İnsanovun ətrafında birləşmək məsələsi reallıqdan uzaq olan bir məsələdir: "Bu gün mən özüm çalışıram ki, kimlərsə ətrafımda birləşsinlər: "Bu günə qədər buraxılan insanların hansı nə edib ki, Əli İnsanov da nəsə etsin…Əli İnsanov məsələsi ehtiyatlı məsələdir".

Göründüyü kimi, bu gün İnsanov ətrafında növbəti süni lider obrazı yaradanlar heç də onun "qara qaşına", "qara gözünə" aşiq olmayıblar. Aşiq olduqları isə onun vaxtilə çapıb-taladığı pullarıdır. Ancaq inanmaq olmaz ki, Əli İnsanov azadlığa çıxandan sonra bu gün ona "gəl-gəl" deyənlərə qoşulsun. O, artıq qocalıb və əldən düşüb, hətta “HƏP” yaratsa belə, buna tab gətirə bilməz. Yəqin ki, eks-nazir indi "müxalifət ldieri" olmaqdansa, öz sağlamlığının dərdini çəkməkdədir.

Əli Kərimli və s. güdənçilər ilə onun ətrafı isə, sadəcə utopiyaya qaplaraq, yeni xəyallara dalmağa başlayıblar. Axı "pul meşoku" kimi gördükləri Əli İnsanov azadlığa çıxıb və “partiya” yaradıb…

Rövşən RƏSULOV