Azərbaycan dinamik inkişaf yolunda-TƏHLİL

12 Mart 2011 02:47 (UTC+04:00)

Hökumətin 2010-cu ilin sosial-iqtisadi yekunları ilə bağlı keçirilmiş iclasında səslənən fikirlər Azərbaycanın dinamik inkişaf yolunda yeni nailiyyətlərə imza atdığını, qarşıya qoyduğu strateji vəzifələrin öhdəsindən uğurla gəldiyini bir daha təsdiqləyir. Yüksək inkişaf özünü beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat və telekommunikasiya sisteminin formalaşmasında sosial, təhsil, rabitə və səhiyyə infrastrukturunda, insanların həyat tərzində, müasir informasiya texnologiyalarına çıxış imkanlarında göstərir. SİA-nın apardığı araşdırmaya əsasən, son 15 il ərzində Azərbaycan iqtisadiyyatına 95 mlrd. ABŞ dolları həcmində investisiya yatarılıb ki, bunun 55 mlrd. dolları xarici sərmayə olub. Son 15 il ərzində ölkə iqtisadiyyatının qeyri-neft sektoruna yatırılan investisiyaların həcmi isə 51 mlrd. dollar təşkil edib. Belə ki, ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən "açıq qapı" siyasəti həyata keçirilir.

 

Hazırda Azərbaycan hökuməti ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, neft sektoru ilə bərabər, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirir. Ümumilikdə, ötən il ölkə iqtisadiyyatına 12,5 mlrd. manat investisiya yatırılıb ki, bu da 2009-cu illə müqayisədə 19,2 faiz çoxdur. 2010-cu ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9715,2 mln. manat vəsait yönəldilib. Ölkənin maliyyə imkanlarının artması nəticəsində istifadə edilən ümumi investisiyanın strukturunda əhəmiyyətli dəyişikliklər baş verib, daxili investisiyaların həcmi xarici investisiyaları üstələyib. Belə ki, əsas kapitala yönəldilən vəsaitin 75,2 faiz və ya 7309,3 mln. manatını daxili investisiyalar, 24,8 faizi və ya 2405,9 mln. manatını isə xarici investisiyalar təşkil edib. "Bir pəncərə" sistemi də öz müsbət təsirini göstərmyə başlıyıb.

 

Ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" 2007-ci il 25 oktyabr tarixli, 2458 saylı Sərəncamdan sonra "bir pəncərə" prinsipi üzrə vahid dövlət qeydiyyat orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilib. "Bir pəncərə" sisteminin tətbiqindən sonra biznesini qeydiyyatdan keçirmək istəyən sahibkar əvvəllər olduğu kimi uzun müddət deyil, 3 gün gözləyir və tələb olunan prosedurların sayı 15-dən 5-ə qədər azaldılıb.

 

Eyni zamanda xarici investorlar özəlləşdirmədə də iştirak edə bilərlər. Özəlləşdirmədə iştirak etmək üçün özəlləşdirmə çekləri dövriyyədə olan zaman xarici investorlar özəlləşdirmə opsionunu əldə etməlidirlər. İqtisadi tempin inkişafı fonunda bir sıra ərzaq məhsullarının süni qiymətinin artmasının da qarşısı alınır. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ərzaq məhsullarının qiymətlərinin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə monitorinqləri və araşdırmaları davam etdirir. Görülən tədbirlər nəticəsində artıq bir sıra ərzaq mallarının pərakəndə satış qiymətlərində ucuzlaşma müşahidə olunur. Belə ki, yerli müəssisələr tərəfindən istehsal olunan qənnadı və kolbasa məmulatlarının qiymətlərində 5 faizədək, toyuq ətinin qiymətində 15 faizədək, toyuq yumurtasının qiymətində isə 30 faizədək ucuzlaşma qeydə alınıb. Bundan başqa, yerli istehsal olan qarğıdalı və günəbaxan yağının, şəkər və şəkər tozunun qiymətində 5 faizədək, sitrus meyvələrinin qiymətində isə 15-20 faizədək ucuzlaşma qeydə alınıb.

 

Eyni zamanda SİA-nın statistik rəqəmlər üzrə apardığı araşdırmaya əsasən ötən ildə Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 27,92 mlrd. ABŞ dolları, o cümlədən idxalın həcmi 6,6 mlrd. ABŞ dolları, ixracın həcmi isə 21,32 mlrd. ABŞ dolları təşkil edib. Bu dövr ərzində Azərbaycan Respublikası 147 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edib və xarici ticarət saldosu müsbət 14,72 mlrd. ABŞ dolları olub. İxrac əməliyyatlarında dövlət sektorunun payı 20 184 mln. ABŞ dolları (94,65 fazi), özəl sektorun payı 1 005,09 mln. ABŞ dolları (4,71 faiz), fiziki şəxslərin payı 135,7 mln. ABŞ dolları (0,64 faiz) təşkil edib. İdxal əməliyyatlarında isə, dövlət sektorunun payı 1 912,23 mln. ABŞ dolları (28,98 faiz), özəl sektorun payı 4 348,52 mln. ABŞ dolları (65,89 fazi), fiziki şəxslərin payı 338,6 mln. ABŞ dolları (5,13 faiz) olub.

 

Bütün bu göstəricilər bir daha sübüt edir ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində respublikanın iqtisadi həyatında sahibkarlığın rolu daha da güclənir, iş adamlarının fəaliyyətinə daha geniş imkanlar açılır.