MƏSLƏKİM

25 Noyabr 2019 19:11 (UTC+04:00)

(Xalam oğlu Nazimə ithaf edirəm)

Sərinləmək istəmirəm

heç bir kəsin gölgəsində.

İnan, şahlıq rütbəsin də

daşımaram, qərib-yadlar

ölkəsində.

Bir əqidəm, bir amalım,

bir işıqlı yolum vardır.

O yol Böyük Vətən dərdim,

azadlığın şüahsdır.

Parçalama torpaqlara

milli qürur sərvətimi.

Xırdalama qara pul tək

qədim ulu şöhrətimi.

Mən dözümü Zərdüştümdən,

Babəkimdən qoparmışam.

Ona görə od-alovu,

Hərarəti torpağıma

aparmışam.

Türkün oğlu! Daim od ol,

Ayıq-sayıq ol həmişə.

Sən vətənin bir daşısan,

Silahısan yeri gəlsə...

Vüqarını uca saxla!

Tanrı vermiş bu qisməti.

Mərdliyinə təslim elə,

Astarı yox həqiqəti.

Qoy bayrağın günəş olsun,

Şölələnsin zaman-zaman.

Çatdır qovuş nöqtəsinə,

Qoy birləşsin Azərbaycan!

Ramiq Muxtar,

Prezident təqaüdçüsü, "Şərəf" ordenli,

Rəsul Rza adına Beyənlxalq Mükafatı laureatı