Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu "Qarabağ saatı" mövzusunda mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, M.Əhmədoğlu ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşündən dərhal sonra aktivləşdiyini qeyd edib. O, bildirib ki, görüşdən sonrakı 3 gün müddətində nümayiş olunan aktivlik qurumun bütün missiyası müddətində göstərilsəydi, Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunardı.
M.Əhmədoğlu hesab edir ki, Azərbaycanın ziyanına heç nə baş vermir. Soçi görüşündə imzalanan sənədin 2008-ci il dekabrın 2-də Rusiyada imzalanan sənədin davamı olduğunu söyləyən SİTM sədri bu sənədin Dağlıq Qarabağın tərəf olmaq iddiasını yenidən sıradan çıxardığını deyib: "2008-ci ildə imzalanan sənəddə Dağlıq Qarabağ siyasi-diplomatik danışıqların tərəfdaşı, Soçi sənədində isə hərbi parametr kimi sıradan çıxdı. Qoşunların təmas xətti ilə bağlı müzakirələr Serj Sarkisyan və İlham Əliyev arasında aparılıb. Onda Qarabağ seperatçıların lideri Bako Saakyan kimdir? Vacib olan odur ki, sənəd erməni ictimaiyyəti tərəfindən də müsbət qəbul olundu".
Təmas xəttinin Ağdam rayonu ərazisində azyaşlı uşağın öldürülməsinin ermənilərin Soçidəki diplomatik uğursuzluğunun nəticəsi olduğunu söyləyən M.Əhmədoğlu bildirib ki, Ermənistan sona qədər dinc danışıqlar prosesini pozmağa çalışır. SİTM sədri qeyd edib ki, Ermənistan müharibənin daha tez başlamasını arzulayır: "Ermənilər istəyirlər ki, müharibə olacaqsa, indi olsun. Bu arzu da onunla bağlıdır ki, hərbi güc baxımından Azərbaycan və Ermənistan arasında fərq getdikcə artır. Dağlıq Qarabağ Azərbaycanındır, bunun geci-tezi var. Biz Ermənistan tərəfindən gözlənilən müharibəyə hazır olmalı, həm də özümüz müharibəyə hazır olmalıyıq. Münaqişənin tənzimlənməsinin elə bir mərhələsidir ki, ermənilər törətdiklərinə görə cavab verməlidir. Ən vacibi bizin Rusiya ilə gördüyümüz işlərdir".
Azərbaycanın işğal olunmuş ərazilərində monitorinq aparmış ATƏT-in faktaraşdırıcı missiyasının öz işini az qala yarım ildir ki, yekunlaşdırdığını deyən M.Əhmədoğlu bildirib ki, hesabatın açıqlanmamasının səbəbi missiyanı aparan qrupun məskunlaşma faktlarını qeydə almasıdır: "Fakt odur ki, missiya zamanı məskunlaşma qeydə alınıb və bunlar hesabatda əksini tapmalıdır. Bundan sonra isə ciddi proseslər başlaya bilər. Belə ki, BMT-nin Baş Assambleyası belə bir hesabatdan sonra Ermənistana sanksiyalar tətbiq edə bilər. ATƏT isə Ermənistanı sanksiyalardan qorumaq istəyir".