"Azərbaycanda rus dilində təhsil almaq imkanları genişləndirilir"

22 Noyabr 2019 22:20 (UTC+04:00)

Azərbaycanda tədrisin rus dilində aparıldığı 338 məktəb fəaliyyət göstərir ki, bu məktəblərdə 130 mindən çox şagird təhsil alır. Bununla yanaşı, üç mindən çox məktəbdə rus dili xarici dil kimi tədris olunur. Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu barədə Moskvada keçirilən X Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində “Humanitar sahədə əməkdaşlıq” mövzusunda təşkil olunan dəyirmi masada Azərbaycan tərəfindən moderator qismində çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib.

Rusiya Federasiyası ilə təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə danışan F.Qurbanov Azərbaycanda rus dilinə göstərilən qayğını xüsusi vurğulayaraq, bu dilin tədrisinin qorunub saxlanması və inkişafı, o cümlədən rus dilində təhsil almaq imkanlarının genişləndirilməsi üçün ölkəmizdə Təhsil Nazirliyi tərəfindən müvafiq işlərin görüldüyünü qeyd edib.

Məktəblilər arasında rus dilinə olan marağın artdığını vurğulayan nazir müavini 2008-ci ildən etibarən Təhsil Nazirliyinin dəstəyi ilə hər il ənənəvi olaraq keçirilən rus dili və ədəbiyyatı üzrə respublika olimpiadası barədə məlumat verib.