"Prezidentin Sumqayıtdakı çıxışı tarixi, siyasi və maarifləndirici xarakterlidir" ŞƏRH-ÖZƏL

22 Noyabr 2019 13:53 (UTC+04:00)

“Prezident İlham Əliyevin Sumqayıtdakı çıxışı yubiley təəssüratları olmaqla yanaşı, həm də ən yeni tariximizin yaxın 30 illik dövrünü əks etdirən zəngin və unikal faktlardan ibarət mənbə kimi diqqəti cəlb edir. Sözügedən dövrə aid bir sıra tarixi həqiqətlər sadə dildə, inandırıcı və konkret şəkildə ifadə olunub”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, ölkə başçısının çıxışı sadə insanlardan, elm adamlarından, siyasi elita təmsilçilərindən ibarət böyük bir kontingent üçün istisnasız olaraq yüksək maraqla qarşılanan məruzələrdən biridir: “Maraqlıdır ki, Prezident bu çıxışda yaxın keçmişdəki məlum problemlərin həm yaranmasının anatomiyasını dəqiq təhlil etdi, həm də bu problemlərin bir çoxundan yan keçməyin mümkün olduğunu əsaslandırdı. Dövlət başçısının Ulu Öndər Heydər Əliyev haqqında danışaraq təhlil etdiyi gerçəkliklər şübhəsiz tariximizin təkzibolunmaz faktları sayılır”.

Baş redaktor söyləyib ki, Sumqayıtın hansı amillərin əsasında beynəlmiləl şəhərə çevrilməsi, Ümummilli lider Heydər Əliyev gedəndən sonra Azərbaycanın inkişaf tempinin ətalət həddinə düşməsi, 80-ci illərin ortalarında Azərbaycana və Mərkəzi Asiyanın müsəlman respublikalarına qarşı “istintaq-pambıq” repressiyalarının arxasında erməni mafiyasının dayanması, Ulu Öndər Heydər Əliyevin vurulmasının Qarabağda separatizm yollarında ilk addım olması, Sumqayıt faciəsinin ermənilər tərəfindən Qarabağ separatizminin tərkib elementi kimi məqsədyönlü törədilməsi, Azərbaycan daxilində siyasi intriqa və hakimiyyət ambisiyalarının torpaq itkilərimizdə mühüm faktor olması, AXC-Müsavat dövründə təsadüfi adamların hakimiyyətə gəlişinin dövlətçilik üçün dağıdıcı rol oynaması, Dağlıq Qarabağın azərbaycanlı əhalisinin faiz nisbətinin artırılması yönümündə vaxtilə Ümummilli Heydər Əliyevin apardığı strateji kursun əhəmiyyəti və ermənilərin əli ilə bu prosesin önlənməsinin Azərbaycana ziyan vurması və sair kimi dəyərli tarixi faktlar məruzədə geniş təhlil olundu.

Prezidentin keçmiş hakimiyyətin kadrlar bazası barədə dediklərinin xüsusi strateji əhəmiyyət və təsirə malik olduğunu deyən A. Quliyev qeyd edib ki, bu kontekstdə Azərbaycan xalqı dövlət başçısından təsirli mesaj aldı: “Ölkə başçısı nitqində konkret adlar çəkməsə də, cəmiyyət AXC-Müsavat hakimiyyətinin kadrları barədə dedikləri fikirləri aydın şəkildə qavrayır və kimlərdən söhbət getdiyini bilir. İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn, İskəndər Həmidov, İxtiyar Şirinov,Tofiq Qasımov və başqalarına aid olan eyhamlar Azərbaycan xalqını bir daha ayıq-sayıq olmağa çağırır. İnsanlar bir daha bilməlidir ki, hər təsadüfi adamların hakimiyyətə gəlişinə şərait və imkan vermək olduqca təhlükəli eksperimentdir və bir daha buna yol vermək olmaz”.

Ekspert əlavə edib ki, ümumilikdə Prezident İlham Əliyevin Sumqayıtdakı məruzəsi bir sıra parametrlərinə görə tarixi, iqtisadi, siyasi, maarifləndirici və strateji xarakterlidir.