"Azərbaycan ailəsi" film festivalının final mərhələsi keçirilib

22 Noyabr 2019 13:17 (UTC+04:00)

Beynəlxalq Muğam Mərkəzində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondunun təkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə XI “Azərbaycan ailəsi” film festivalı və festival çərçivəsində “Həyatdan şəklə” fotomüsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirildi.
Təqdimatda çıxış edən Komitə sədri Hicran Hüseynova bildirib ki, Komitə ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının qorunması istiqamətində bir sıra layihələr realaşdırır. 11 ildir keçirilən film festivalı da onlardan biridir. Hicran Hüseynova vurğulayıb ki, ailə vətəndaş cəmiyyətinin əsası, insanın ilk sosial mühitidir. Bu institutunun möhkəmliyi həmin cəmiyyətin və dövlətin güclənməsi, inkişafı deməkdir. Bütün sahələrdə olduğu kimi, dövlət ailə siyasəti ölkə başçımız İlham Əliyev və Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla inkişaf etdirilir.
Daha sonra BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin baş müşaviri Fərid Babayev çıxış edərək komitənin Azərbaycan Ailəsi institutunun qoruyub saxlamaqda gördüyü işlərə görə minnətdarlığını bildirib və birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Münsiflər heyəti adından Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqınin sədri, Xalq artisti Şəfiqə Məmmədova çıxış edərək qeyd edib ki, festival yaratmaq asandı, onu yaşatmaq çətin. Layihə çərçivəsində ailə ilə bağlı toxunulan mövzular hüdudsuzdur. Burada mədəniyyət, təhsil, sağlamlıq və digər sahələrin önündə ailə institutunun gəldiyi göstərilir. Mərasim mükafatlandırma ilə davam edib. “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı tələbə filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı sənədli film”, “Sosial şəbəkədə ən çox bəyənilən film”, “Ən yaxşı fotoşəkil” nominasiyaları üzrə qaliblər təltif edilib. Əsas nominasiyalarla yanaşı qarşıya qoyulan mövzuları əks etdirən, ictimaiyyətin diqqətini çəkə biləcək bir neçə film də mükafatlandırılıb. Ümumilikdə 14 iştirakçı təltif edilib.