Ağdaş rayon mədəniyyət müəssisələrinin əməkdaşları Sabirabad və Saatlıda olublar

22 Noyabr 2019 13:10 (UTC+04:00)

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş, Ucar, Göyçay və Zərdab rayonlarının klub müəssisələrinin əməkdaşları Saatlı və Sabirabad rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrində olublar. Nazirlikdən SİA-ya verilən xəbərə görə, təcrübə mübadiləsi və qabaqcıl iş təcrübəsi ilə tanışlıq məqsədi daşıyan tədbirdə ilk öncə Sabirabad Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Saatlı rayonu üzrə nümayəndə Şərqiyyə Şahpələngova və Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev qabaqcıl təcrübə metodları ilə qonaqları tanış ediblər. Qarşılıqlı müzakirə formasında təşkil olunmuş tədbirdə eyni zamada klub müəssisələrində xidmət və dərnəklərin yaradılması, ictimaiyyət nümayəndələrinin və rayon məktəblilərinin klub müəssisələrinə cəlb edilməsi məqsədilə təbliğat işinin düzgün qurulması, digər müəssisə və təşkilatlarla əlaqəli iş, müəssisələrdə sənədləşmə işlərinin aparılması və digər məsələlər müzakirə olunmuşdur. Sonra mədəniyyət işçiləri Saatlı Rayon Tarix-Diyarşünaslıq muzeyində və Dövlət Rəsm Qalereyasında olublar.

Sabirabad rayonunda regional mədəniyyət idarəsinin rəisi Əhməd Ramazanovun iştirakı ilə dəyirmi masa keçirilib. Tədbirdə regional mədəniyyət idarələri arasında qarşılıqlı əlaqələrin yaradılması və təcrübə mübadiləsi məqsədilə tədbirlərin mütəmadi olaraq keçirilməsi qərara alınıb.

Sonda mədəniyyət müəssisələrinin əməkdaşları Sabirabad şəhər Mədəniyyət Mərkəzi, Mərkəzi kitabxana, Heydər Əliyev Mərkəzi və digər mədəniyyət müəssisələri ilə tanış olublar.