Ağır günlərini yaşayan İngiltərənin məşhur klubu cəzalandırılıb

22 Noyabr 2019 03:19 (UTC+04:00)
İngiltərənin "Bolton" klubu cəzalandırılıb. SİA xəbər verir ki, Premyer Liqada çıxış etdiyi vaxtlardan tanınan, lakin son illər ağır günlərini keçirən klubdan 5 xal silinəcək. Bu cəza şərti xarakter daşıyır. Kluba ilyarımlıq müddət verilib. Hazırda gücünə görə 3-cü olan divizionda çıxış edən "Bolton" ötən mövsüm "Brentford", cari mövsüm "Donkaster"lə matçda iştirak etmədiyi üçün belə cəza alıb. İlk hadisə Çempionşipdə yaşanıb. Həmin vaxt futbolçular maaşlarla bağlı borclara etiraz əlaməti kimi meydana çıxmayıblar. Texniki məğlubiyyət alan klub mövsümün sonunda aşağı liqaya düşüb. Üç ay əvvəl keçirilməli olan "Donkaster"lə matç isə sıx təqvimin gənc futbolçuların sağlamlığına ziyan vurmaq riski olması səbəbindən baş tutmayıb. Lakin nə rəqib, nə də liqa rəhbərliyi bu barədə məlumatlandırılıb. Qeyd edək ki, cari mövsümün əvvəlində hesabından 12 xal silinən "Bolton" 1 xalla sonuncu pillədədir.