Xalqın arzusundan doğan, onu xoşbəxt gələcəyə aparan partiya

21 Noyabr 2019 23:08 (UTC+04:00)

Müstəqilliyini yenicə elan etdikdən sonra Azərbaycan böyük fəlakətlə üzləşdi. Bir-birini əvəzləyən şəristəsiz siyasi hakimiyyətlər dövlətə, xalqa qarşı edilən xəyanətlər Azərbaycanı nəinki yenicə qazandığı müstəqilliyini itirmək, hətta bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşdirmişdir.

1992-ci ildə hakimiyyətə gələn Xalq Cəhbəsi-Müsavat cütlüyü səriştəsiz idarəçilik fəaliyyəti ilə xalqın bu günə və gələcəyə ümidini, xoşbəxt millət kimi yaşamağa inamını öldürmüşdü. O vaxtkı hakimiyyətin siyasi savadsızlığının, idarəçilik səriştəsizliyinin nəticəsi olaraq, erməni təcavüzkarları işğalçılıq siyasətini daha da gücləndirmiş, respublikanın ayrı-ayrı bölgələrində qanunsuz silahlı birləşmələr özbaşınalıq etməyə başlamışdı. Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə qarı-qarşıya idi. Azərbaycanın o vaxtkı dırnaqarası hakimiyyəti daxili vəziyyəti gərginləşdirməklə yanaşı,xarici siyasətini qura bilmədiyindən bir sıra dövlətlərlə, o cümlədən qonşu ölkələrlə olan münasibətləri korlamış və respublika demək olar ki, beynəlxalq aləmdən təcrid olunmuşdu. Respublikanın mövcudluğu və müstəqilliyi üçün təhlükə yarandığı dramatik anlarda xalqı təlaşdan çıxarmaga, onun sabaha inamını qaytarmağa qadir olan mütəşəkkil siyasi qüvvənin —partiyanın yaranması zamanın və xalqın tələbi idi. Sovet hakimiyyətinin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi təşkilat və qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdırarq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

1992-ci ilin oktyabrın 16-da ” Səs“qəzeti vasitəs ilə 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə muraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Azərbaycan xalqı tərəfindən sevilən, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Heydər Əliyev bəhs edilən dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya getməsinə o zamankı hakimiyyət maneələr yaradırdı. Ona görə partiyanı yaratmaq istəyən insanların böyük bir təşəbbüs qrupu Naxçıvana gələrək partiyanın təsis konfrasını orada keçirməyə nail oldu.

Demək olar ki, Azərbaycanın bütün inzibati rayonlarından seçilmiş nümayəndələrin təmsil olunduğu təsis konfransı 1992-ci il noyabrın 21-də Cəlil Məmmədquluzadənin adını daşıyan Naxçıvan şəhərində yerləşən Dram teatrda Heydər Əliyevin sədrliyi ilə keçirildi. Konfrans Yeni Azərbaycan Partiyası( YAP) siyasi təşkilatını təsis etdi və eləcə də partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Xalqımızın gələcək həyatında mühüm hadisəyə cevrilən və xalqı xoşbəxt gələcəyə aparan Yeni Azərbaycan Partiyası yarandı.

Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi şəraitin diqtəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləmişdir:“Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxsələrin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin özü tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.

Müstəqilliyimizin ilk illərində yaşanan böhran ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici siyasəti nəticəsində aradan qaldırıldı. Xaos, anarxiya, özbaşınalığın sabitlik ilə əvəzlənməsi Azərbaycanın iqtisadi baxımdan qüdrətlənməsinə, siyasi mövqeyinin möhkəmlənməsinə səbəb oldu .Heydər Əliyev 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti kimi xalqına arxalanaraq və YAP sərdi kimi partiyasının kadr potensialına söykənərək, özünün zəngin dövlətçilik təcrübəsini və uzaqgörən siyasətini tətbiq edərək çox qətiyyətli, müdrik, nəticəyönümlü idarəçilik həyata keçirdi.. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ümummilli lider Heydər Əliyev uğurlu iqtisadi islahatları ilə ölkəmizi tənəzzüldən tərəqqi yoluna çıxardı. 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafının təməli qoyuldu. Azərbaycan çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Təbii ki, iqtisadiyyatın inkişafı əhalinin sosial rifah halının yaxşılaşmasına da öz müsbət təsirini göstərdi. Xalqın gələcəyə inamı gündən-günə artdı.

İlk gündən hüquqi, dünyəvi, sivil dövlət quruculuğu yolunu tutan Azərbaycanın demokratik islahatlar sahəsində qazandığı uğurlar da hər birimizə bəllidir. Söz, mətbuat azadlığı təmin edildi, insan hüquqlarının qorunması sahəsində mühüm addımlar atıldı, ölkədə çoxpartiyalı sistem yaradıldı, seçki praktikası ildən-ilə daha da təkmilləşdirildi. Təbii ki, bütün bunlar Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına səbəb oldu. Ölkəmiz bir sıra nüfuzlu regional və beynəlxalq təşkilatların üzvüdür. Xarici siyasətində ikitərəfli əlaqələrin qurulmasına, inkişafına xüsusi önəm verən dövlətimizin beynəlxalq təşkilatlarla münasibəti də yüksək səviyyədədir. Bütün bu uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının rolu böyükdür. Təbii ki, qazanılmış bu nailiyyətlər də Heydər Əliyevin rəhbərlik etdiyi təşkilatın – Yeni Azərbaycan Partiyasının uğurudur.

2003-cü ilin oktyabr ayının 15-də keçirilən Prezident seçkilərində YAP Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş Naziri İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi partiyanın ölkənin ictimai-siyasi həyatında hansı nüfuza sahib olmasını əyani şəkildə təsdiqlədi.

Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar.

Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentimiz mötəbər beynəlxalq təşkilatların – BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində inamlı, cəsarətli, məntiqi çıxışları ilə diqqəti cəlb edir, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür. Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.

Xarici siyasət kursunda tarazlaşdırılmış konsepsiyaya üstünlük verən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Ölkəmizin dostlarının sayı çoxaldı, bizimlə müttəfiqlik etmək istəyən ölkələrin sırasına yeniləri əlavə olundu. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındı və qəbul edildi. Bunu sübut edən ən böyük amillərdən biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi oldu. Müstəqillik tariximizin ən böyük nailiyyəti olan bu hadisə Azərbaycanda yürüdülən siyasətə və beynəlxalq birliyin Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin, Azərbaycana olan inam və etimadın təzahürüdür. Ölkəmiz, nəticə etibarilə, bütün regional məsələlərdə əsas oyunçuya çevrildi.

Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir.

Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır.Yeni Azərbaycan Partiyası gündən –günə tərəfdarlarının, üzvülərinin sayını artırır. Bu bir daha təsdiq edir ki, YAP xalqın istək və arzularından doğan, xalqı rifaha, xoşbəxt gələcəyə aparan partiyadır .

Bu günümüzün daha bir reallığı isə ondan ibarətdir ki, YAP avanqard siyasi partiya olaraq Azərbaycanı daha böyük uğurlara, möhtəşəm qələbələrə aparacaq.

Natiq Əhmədov

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Naxçıvan Qarnizonu Tam orta məktəbin direktoru