Paytaxt məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasında FOTO

21 Noyabr 2019 15:45 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyada iştirak ediblər.

Prezident İlham Əliyevin tövsiyəsi ilə reallaşan 12-ci tur-aksiyanın əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, ölkə başçısının qətiyyəti və iradəsi ilə respublikamızın dinamik inkişafı, abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdan ibarətdir.

Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, tur-aksiya çərçivəsində məktəblilər Gəncə-Şəmkir-Göygöl, Lənkəran-Masallı-Astara, Qəbələ-Şəki-Zaqatala və Quba-Qusar-Xaçmaz istiqamətləri üzrə səfər ediblər.

Səfərlər çərçivəsində məktəblilər bölgələrin genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsi və bərpası istiqamətində həyata keçirilən önəmli sosial layihələr, tarixi məkanlar, yeni tikililər, turizm iqtisadiyyatı və multikulturalizm ənənələri ilə yaxından tanış olublar.

Qeyd edək ki, tur-aksiyanın proqramı təkcə bölgələrin sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanışlıqla bitmir. Aksiya çərçivəsində məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları keçirilib, qaliblərə xatirə hədiyyələri təqdim edilib, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil olunub.

Onu da qeyd edək ki, noyabrın 13-16-sı və 18-21-i tarixlərini əhatə edən 12-ci tur-aksiyada 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3 min 190 nəfər iştirak edib.