“Daşnaklar Fərqanədən Qarabağa” adlı kitabın təqdimatı olub - FOTOLAR

21 Noyabr 2019 13:33 (UTC+04:00)

Bu gün Bakıda özbəkistanlı yazıçı Şöhrət Barlasın müəllifi olduğu “Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub. SİA xəbər verir ki, “Kaspi” qəzetinin və Mətbuat Şurasının dəstəyi ilə nəşr olunan kitabda erməni terrorundan bəhs edilir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev qeyd edib ki, kitabda erməni daşnaklarının Orta Asiyadan Qafqaza qədər törədikləri amansız terror aktlarından bəhs olunur. Həmçinin müəllif SSRİ dövründə Azərbaycan və özbək xalqlarına qarşı ermənilərin törətdikləri faciələrdən söhbət açır.

Umud Mirzəyev Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin kitabın nəşrinə və eyniadlı filmin çəkilməsinə verdiyi dəstəyi xüsusi vurğulayıb. O, kitabın bütün türk dünyası üçün çox önəmli olduğunu deyib.

"Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva bildirib ki, kitabda ermənilərin türk dünyasına qarşı apardığı düşmənçilik siyasəti yer alıb. O, erməni terrorçularının təkcə azərbaycanlılara deyil, bütün türk xalqlarına qarşı apardığı soyqırımı siyasətinin acı nəticələrinin gənclərə çatdırılması üçün yeni nəşrin ali təhsil ocaqlarında yayılması təklifi ilə çıxış edib. "Kaspi" qəzetinin təsisçisi vurğulayıb ki, ermənilərin türk xalqlarına olan kin və nifrəti faciələrə gətirib çıxarıb.

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qeyd edib ki, kitabda daşnakların Fərqanədə və Qarabağda törətdikləri vəhşiliklərdən, günahsız insanlara divan tutan ermənilərin xain əməllərindən bəhs edilib. Bu kitab artıq yeddinci nəşrdir və rus dilində çap olunub.

Kitabın müəllifi Şöhrət Barlas uzun müddətdir ki, erməni terroru ilə bağlı araşdırmalar apardığını bildirib. Ancaq tarixi faktların kitab hallında nəşrini həyata keçirmək imkanları yox idi. Müəllif bu işdə ona göstərilən köməyə görə səfir Hüseyn Quliyevə, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə, “Kaspi” qəzetinə və Mətbuat Şurasına minnətdarlığını bildirib.

Daha sonra “Daşnaklar Fərqanədən Qarabağa qədər” sənədli filmdə nümayiş olunub.

Aysel Məmmədova