“ATƏT-in Minsk Qrupu qeyri obyektiv mövqe sərgiləyir” RƏY-ÖZƏL

21 Noyabr 2019 13:31 (UTC+04:00)

"ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səmərəsiz fəaliyyətini əsaslandırmaq üçün artıq əlavə arqumentlərə ehtiyac yoxdur". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə,yəni 1994-cü ildən bəri ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində heç bir fəaliyyət göstərməyiblər: "Əksinə əksər hallarda Rusiyanın, ABŞ-ın, Fransanın bu məsələ ilə bağlı fərqli mövqelərə malik olublar. Ümumiyyətlə, ATƏT-in Minsk Qrupu bir çox hallarda münaqişə vəziyyəti ilə bağlı qeyri obyektiv mövqe sərgiləyiblər. Bütün hallarda artıq dəfələrlə qeyd etmişik ki, ATƏT-in Minsk Qrupu münaqişənin tənzimlənməsi istiqamətində səmərəli fəaliyyət göstərmək iqtidarında deyil. Yəni bizim ATƏT-in Minsk Qrupunun həmsədrlərindən münaqişənin tənzimlənməsi istiqamətindən bundan sonra səmərəli fəaliyyət göstərəcəyini gözləməyimiz sadəlövhlükdür. Çünki bu günə kimi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ən azıdan obyektiv mövqe sərgiləməyibdir. Azərbaycan tərəfi öz mövqeyi ilə nümayiş etdiribdir ki, o beynəlxalq hüquq normalarına həssaslıqla yanaşır, münaqişənin dinc yolla tənzimlənməsi vasitələrini dəstəkləyir və öz əməlində bunu nümayiş etdirir. Ölkə Prezidenti də ən mötəbər tirbunalardan bəyan edibdir ki, Azərbaycan humanizm prinsiplərinə söykənərək beynəlxalq hüquq normalarına hörmətdən çıxış edərək dövlətlərarası münaqişələrin dinc tənzimlənməsinin vacibliyi prinsipini rəhbər tutaraq münaqişənin danışıqlar vasitəsi ilə tənzimlənməsini istəyir və bu istiqamətdə səylərini əsirgəmir. Ermənistan tərəfi isə həmişə aşkar şəkildə nümayiş etdiribdir ki, status-kvo vəziyyətini saxlanılmasını istəyir və bu istiqamətdə əlindən gələni edir. Təəssüflər olsun ki, Ermənistanın bu mövqeyinə müəyyən mənada dəstək elə ATƏT-in Minsk Qrupu tərəfindən gəlir. Məsələnin Ermənistana rəsmi səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edir ki, “münaqişənin tənzimlənməsində müqəddəratı təyin etmə və ərazi bütövlüyü prinsiplərinə istinad etmək lazımdır”. Olsun, müqəddəratı təyin etmə hüququ BMT Nizamnaməsində və müxtəlif beynəlxalq normativ hüquqi aktlarda da ifadəsini tapıb. Azərbaycan tərəfi də məhz bu məqama hörmətlə yanaşır və Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək statusu verməyə hazır olduğunu bəyan edibdir. Yəni bizim buradan çıxaracağımız nəticə ondan ibarətdir ki, Sergey Lavrov orada təkcə müqəddəratı təyin etmə prinsipini qabartmır, eyni zamanda ərazi bütövlüyü prinsipini də qabardıb. Elə biz bu fikrə istinad edərək qeyd edə bilərik ki, bəli ərazi bütövlüyü prinsipi varsa onda Azərbaycanın maraqları nəzərə alınır, belə ki, beynəlxalq hüquq normasında, BMT Nizamnaməsində aydın şəkildə göstərilir ki, müqəddəratı təyin etmə prinsipini, ərazi bütövlüyü prinsipi üzərində üstünlüyə malik deyil. Yəni Azərbaycanın ərazisi bütövlüyünün təmin olunması prioritetdir. Azərbaycan ərazi bütövlüyü çərçivəsində isə Qarabağa status vermək mümkündür. Bütün bunları qeyd etməkdə məqsədim ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupun həmsədrlərindən əsas gözləntimiz ondan ibarətdir ki, münaqişə vəziyyəti ilə bağlı obyektiv mövqe nümayiş etdirərək işğalçını öz adı ilə çağırsın. Yəni Ermənistan işğalçı dövlətdir".

GÜLYANƏ