İstəyirsən göyü gətir
               yerə sən, 
İstəyirsən atlan-dırman
               göyə sən, 
Tanımışam xislətini
               necəsən,
Vallah, babam, biz düzələn
                deyilik...
"Xalq-xalq" deyib xalqı
            yaman soydular,
              Baş meydanda
              "otur-dur" la yordular,
Leş üstünə sərilmişdir
             ac qurdlar,
Vallah, babam, biz düzələn
              deyilik...
 Nə qədər ki, şöhrət
           tacdır, tabaqdır,
              Vəfa, ilqar,
                insaf bizdən uzaqdır,
Nəfis, tamah,
         qarın başdan
           qabaqdır,
Vallah, babam, biz düzələn
           deyilik...
Yaxşı görmür
          torlaşıbdır gözümüz,
Üç nəfərik, düz gəlməyir
           sözümüz,
Özümüzə biz qənimik
            özümüz,
Vallah, babam, biz düzələn
           deyilik...
Nələr gəldi bu dünyada
           başıma,
Dost bildiyim zəhər qatdı
          aşıma,
Dön geri bax mərd çeçen
            qardaşıma,
Vallah, babam, biz düzələn
             deyilik...
Biri bağda öz işində,
            kefində,
Biri gecə dollar sayır
            evində,
Yazıq millət qalıb Leylan düzündə
Vallah, babam, biz düzələn
           deyilik...
Yaxın yolu gəl eləmə sən
           uzaq,
Bağışlamaz səni-məni
           bu torpaq,
Bir konfetə fil də aşır
           mayallaq,
Vallah, babam, biz düzələn
           deyilik...
Dibçək gülü su içməmiş
             gül açdı,
Körpə çağa yeriməmiş
              dil açdı,
Yazıq müəllim tələbəyə
              əl açdı,
Vallah, babam, biz düzələn
              deyilik...
İstəyirsən get cəbhəyə
              rütbə al,
İstəyirsən öz komanda 
              qaxıl qal,
Əsgərindən bizdə çoxdur
              general,
Vallah, babam, biz düzələn
              deyilik...
Deyirlər ki, haqq incələr,
              danılmaz,
Təkcə alın yazısıdır
              pozulmaz, 
Boş quyuya su tökməklə
             o dolmaz,
Vallah, babam, biz düzələn
             deyilik...
Başımıza gəl çıxarma
             nahaqqı,
Qaç nadandan, qaç
namərddən, tut haqqı,
Ulu Tanrı, qoru bu
             xalqı,
Bizə qalsa, biz düzələn
             deyilik,
Vallah, babam, biz düzələn
             deyilik... 
                                                               
Ramiq Muxtar,
Prezident təqaüdçüsü,
"Şərəf" ordenli, 
Rəsul Rza adına Beyənlxalq
Mükafatı laureatı