"Bu gün YAP-ın cəmiyyətdəki rolu günbəgün artır” ÖZƏL-MÜNASİBƏT

20 Noyabr 2019 11:35 (UTC+04:00)

“Xalqın və zamanın tələbi ilə yaranan YAP ulu öndər Heydər Əliyevin rəhbərliyi altında çox böyük tarixi yol keçərək Azərbaycanın inkişafı, müstəqil dövlət kimi formalaşması üçün bir sıra çətinlikləri aradan qaldırdı. Qısa vaxt ərzində xalq tərəfindən sevilən Yeni Azərbaycan Partiyasının respublikanın bütün bölgələrində ilk təşkilatları yarandı”. Bunu SİA-ya YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova bildirib.

YAP-ın keçdiyi şərəfli yola nəzər salan M.İbrahimova deyib ki, tarixi zərurətdən yaranan partiya çətin, eyni zamanda, şərəfli yol keçməklə yanaşı, həm də ictimai-siyasi mühitdə kifayət qədər nüfuz toplamış siyasi təşkilata çevrilib. Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının ideyalarına sadiq qalan insanlar, Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq olan insanlar, ziyalılar, ictimai-siyasi xadimlər bu gün də YAP-da təmsil olunmaqla partiyanın fəaliyyətində müstəsna xidmətlər göstərirlər. YAP ümummilli lider Heydər Əliyevin ideyalarını gerçəkliyə çevirən nüfuzlu bir siyasi təşkilatdır. 700 mindən artıq üzvü olan partiya ötən müddətdə şərəfli və qüdrətli bir yol keçib. Bu illər ərzində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib, hərbi və siyasi baxımdan ölkəmiz xeyli güclənib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmış YAP-ın ötən 27 il ərzində dövlətçiliyimizin möhkəmlənməsində, cəmiyyətimizin inkişafında və yeniləşməsində müstəsna xidmətləri olub.

Məhəbbət İbrahimova qeyd edib ki, Ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasında nail olduğu siyasi birlik modeli Azərbaycan xalqı üçün də bir nümunəyə çevrildi. Ulu Öndərin həyata keçirdiyi quruculuq siyasətində YAP-ın özünəməxsus rol oynadığını bildirən M.İbrahimova vurğulayıb ki, bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursunun YAP Sədri, cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan yeni-yeni uğurlar əldə edir. Yeni Azərbaycan Partiyası hər zaman dahi liderimiz Heydər Əliyevin ifadə etdiyi kimi, dünənin, bu günün və gələcəyin partiyası olaraq yaşayacaq. Sıralarını daim zənginləşdirən Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyası olaraq xalqımızın həyatında öz sözünü deməyə qadir partiya kimi bundan sonra hələ daha neçə on illər öz mövqeyini qoruyub saxlayacaq.

M.İbrahimova diqqətə çatdırıb ki, YAP-ın yaranmasından 27 il ötsə də, bu müddət ərzində partiyamız çox zəngin yol keçib. YAP ötən 27 il ərzində ölkəmizdə baş verən yüksəliş və yeniləşmədə, uğurlu layihələrin həyata keçirilməsində aparıcı, vahid, qüdrətli, mütəşəkkil siyasi qüvvə kimi iştirak edib. Müasir Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində yeganə iqtidar partiyası olduğunu əməli və səmərəli fəaliyyəti ilə sübuta yetirib. Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz və məqsədyönlü fəaliyyəti sayəsində partiyanın ölkənin ictimai-siyasi həyatında nüfuzu daha da artmış, cəmiyyət içərisində onun rolu yüksəlmiş, avanqard dəstəyə çevrilmişdir”. Möhtərəm Prezidentimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir. İnsanların güzəranı ilbəil daha da yaxşılaşır, əməkhaqları, pensiyalar, sosial müavinətlər artırılır. Ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət xalqa xidmət edir və bu siyasətin əsasında milli maraqlarımız dayanır. Yeni Azərbaycan Partiyasını yaratmaqla insanların ideologiyasına, məfkurəsinə millilik, müasirlik gətirən, yenilik duyğuları aşılayan Ulu Öndərin ideyalarını ləyaqətlə davam etdirən Prezident İlham Əliyev Azərbaycana daha böyük uğurlar qazandırır. Bu gün YAP-ın cəmiyyətdəki rolu günbəgün artır”.