"Bəşəriyyət qarşısında kinonun xidməti böyükdür"

19 Noyabr 2019 17:54 (UTC+04:00)

Ulu Öndər Heydər Əliyevin bu tarixi fikri bu gün də öz aktuallığını qoruyur

Kino insanların dünya görüşünü tarixini, adət-ənənəsini özündə ehtiva etdirən, yaşadan və eyni zamanda, yetişən nəsillərin formalaşmasında müstəsna rol oynayan ən güclü incəsənət sahəsidir. Kinonun güclü tərəflərindən biri də, onun tək hər bir millətə məxsus dəyələrlə yanaşı, müxtəlif incəsənət sahələrini də özündə birləşdirməsidir. Bu baxımdan, kino sənəti incəsənətimizin bir qolu olmaqla yanaşı, tariximizin də bir parçasıdır. Bu tarixi səhifələdikcə, Ulu Öndər Heydər Əliyevin qətiyyətli addımlarının izini görmək mümkündür. Ümumilikdə, Ümummilli Liderimiz həm Azərbaycan, həm də sovet kinematoqrafiyasının inkişafında böyük xidmətləri olmuş, xüsusilə, o, milli kinomuzun özünəməxsus simasının formalaşması, dünya miqyasında tanınması üçün var qüvvəsini əsirgəməmiş, kino işçilərimizə daim arxa və dayaq olmuşdur. Xalqımızın mədəni səviyyəsinin yüksəlməsinə xüsusi diqqət yetirir, sənət adamları ilə görüşür, dostluq əlaqələri saxlayır, onların sənətini və yaradıcılıqlarını yüksək qiymətləndirirdi. Hələ Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin I katibi vəzifələrində çalışdığı müddətlərdə Ulu Öndər mədəniyyətə, elmə göstərdiyi qayğısıyla nəzərə çarpan irəlləyişlərə, sözün həqiqi mənasında keyfiyyət dəyişikliyinə nail oldu.
"Bəşəriyyət qarşısında kinonun xidməti böyükdür" deyən Ulu Öndər hələ o zamanlar yerli kadrların hazırlanmasında, tarixi şəxsiyyətlər, tarixi hadisələrin yerli yazarların ədəbi numunələrinin ekranlaşmasında, kinostudiyanın maddi-texniki baza ilə təmin olunmasında misilsiz xidmətlər göstərmişdir. O zaman kino işçilərinin Ümumittifaq Müşavirəsini keçirən Dahi Öndər Heydər Əliyev kino xadimlərinin işini yüksək qiymətləndirməklə yanaşı, onların qarşısına xalqımızın müqəddəratını həll edəcək tapşırıqlar vermişdir. Müşavirədə iştirak edən görüş iştirakçıları həmin görüşü sovet kinosu üçün təkan hesab edirdi.
"Dədə Qorqud" filminin ssenari müəllifi Anar xatirələrində kiçik bir xalqın eposunun ekranlaşdırılmasına olunan etirazların qarşısında Ulu Öndər Heydər Əliyevin necə sipər olmasından danışmışdır. Bu tip faktları sadaladıqca sadalmaq olar, lakin qeyd etmək lazımdır ki, məhz həmin dövr Azərbaycan kinosunun intibah dövrü kimi qiymətləndirilməkdədir. Bundan təsirlənən gənc nəsillər yetişməsində, yeni kino xadimlərinin formalaşmasında bu qətiyyətli və kəskin addımların əhəmiyyəti böyükdür. Bu canlanma tək kino sənətində deyil, incəsənətin müxtəlif sahələrində də hiss olunur.

Kino tarixinin araşdırılmasında bütün qapılar açıqdır

Kinonun bir sənət kimi formalaşmasında, kino tarixinin araşdırılmasında, kino nəzəriyyəsinin öyrənilib, milli kinomuzun nəzəri əsaslarını tətbiq etmək və kino tənqidinin formalşması üçün mütəxəssislərin yetişdirilməsi, keyfiyyətinin yeksəldilməsi naminə bütün qapıları açmışıdır. "Tənqidin bizim kinematoqrafa təsiri, əlbəttə, o vaxt güclənə bilər ki, əgər o filmlərin yaradılması təcrübəsinə, kinostudiyanın işi də daxil olmaqla, daha da yaxınlaşmış olsun. Kino tənqidçisi yaradıcılıq prosesinin bütün mərhələlərində tematik planların və ssenarilərin müzakirələrindən başlayaraq, filmin təhvil verilməsinin sonuna qədər onun hökmən fəal iştirakçısı olmalı və mülahizələrində tənqidə geniş yer verməklə, kinonun inkişafında onun əhəmiyyətli rol oynadığını xüsusi vurğulamalıdır.
Müstəqillik əldə etdikdən sonra da kino sənətinin qarşısına milli mənəviyyatımızın formalaşması, müharibənin bədii və ədalətli təsviri, vətənpərvərlik və dövlətçilik ideyalarının təbliğçisinə çevirməli olduğunu bildirmişdir. Hətta atəşkəs elan edildikdən sonra ölkə Prezidenti bütün sahələrə olduğu kimi kino sənətinə də xüsusi diqqət ayırır. 1994-cü il avqustun 1-də Ümummilli Liderimizin yanında komissiyanın iclası keçirilmişdir. 70-80-cı illərdən yaranmış maddi-texniki bazanın dağıdılmasına, kinostudiyanın yarasız hala salınmasına, kinolentlərin qorunması və toplanması barədə göstərişlər vermişdir. Ulu Öndərin dəstəyi ilə 2001-ci ildə Paris Kino Arxivindən həmin kadrlar Bakıya gətirildi. Hal-hazırda bu kadrlar Azərbaycan Respublikası Dövlət Film Fondunda saxlanılır. Məhz onun təşəbbüsü ilə kino tarixində yeni səhifə açaraq, Azərbaycanda kinonun yarandığı günün 1898 -ci il avqustun 2-si olduğunu sübut etdi.
Kinostudiyanın yararsız hala salınmasından ürək ağrısıyla danışmış və bu problemlərin aradan qaldırılması üçün 2001-ci il 18 apreldə Sərəncam vermişdir. 1994-cü ildən sonra kinostudiyadan 9 tammetrajlı, 2 qısametrajlı bədii film, 12 sənədli film, 4 cizgi filmi istehsal olundu. Heydər Əliyevin təşəbbüsü ilə kino yenidən dircəlməyə başladı.

İncəsənətin inkişafında yeni mərhələ

Ulu Öndər Heydər Əliyevin siyasi rəhbər kimi əsas fəaliyyəti, dövlət işləri ilə bağlı olsa da, O, xalqımızın mədəniyyətinin yüksəlməsinə xüsusi diqqət yetirirdi. Kinolentlərin aşkarlanması, yenidən rənglənməsi, yeni filmlərin çəkilməsi, sovetlər birliyi zamanı çəkilmiş filmlərin toplanması, yenidən doğma dildə səslənməsi və dublaj edilməsi, dünya kinolarının Azərbaycan dilinə tərcümə edilməsi kimi çox əhəmiyyətli addımlar atıdı. Bu addımların arxasında müdrik və qətiyyətli şəxsiyyətin əməyi göz qarşısındadır. Bu gün Azərbaycan kinosu festivallarda iştirak edir və bir çox festivallara da ev sahibliyi edir. Hətta 1996-cı ildə Bakıda III "Şərq-Qərb" Kinofestivalı keçirilərkən Ulu Öndər Heydər Əliyev çıxışında bildirirdi: "Şadam ki, Azırbaycanda kinofestivalların keçirilməsi ənənəsi artıq təşəkkül tapmışdır. Bütün bunlar, çox şeyə dəlalət edir ki, Azərbaycanda cəmiyyət, xalq kinonu sevir və kinoya marağı itirməyib. Bu, həm də ona dəlalət edir ki, kino sənəti xadimləri ölkəmizə daim diqqət yetirirlər. Bunların hər ikisi bizə, xüsusən, mənə çox xoşdur".
Azərbaycan müstəqillik əldə edəndən sonra kino sənətinin hərtərəfli inkişafı kino məbədləri yaradıldı, tədris sahəsinə xüsusi diqqət yetirildi, hətta tələbələrin belə digər ölkələrdə təhsil almasına, festivallarda iştirak etməsinə münbit şərait yaradıldı. Bu gün Onun layiqli davamçısı Prezident İlham Əliyev də Onun yolunu çox uğurla davam etdirir. Hətta Prezident İlham Əliyev də kino xadimlərinin anım günlərinin keçirilməsini, onları adlarla, fəxri fərmanlarla təltif etmişdir. Kinonun inkişafı ilə bağlı mütəmadi sərəncamlar verir, onları dinləyir, problemləri ilə yaxından tanış olur. 2019-cu il 1 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın görüşü də bu qəbildən idi.
Bir sözlə tam qətiyyətlə demək olar ki, tariximizin bir parçasına dönən kinonun tarixinində Ulu Öndər Heydər Əliyevin əvəzsiz ximətləri olmuşdur. Çox qürur verici məqamdır ki, tarixin iştirakçısı və şahidi olmuşuq.

Sona Həmidova,
sənətşünaslıq üzrə fəlsəfə doktoru,
Dini Qurumlar üzrə Dövlət Komitəsinin əməkdaşı