Aqiyə Naxçıvanlı: ”Hər şeyi dövlətin üzərnə atmaq olmaz” MÖVQE

19 Noyabr 2019 16:46 (UTC+04:00)

”Mən Aliment Fondunun yaradılmasının tam əleyhinəyəm. Hər şeyi dövlətin üzərnə atmaq olmaz”. Bu fikirləri Mili Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Noyabrın 19-da Milli Məclisin Əmək və sosial siyasət, Elm və təhsil, Ailə, qadın və Uşaq məsələləri, Mədəniyyət və Səhiyyə komitələrinin “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşu ilə bağlı keçirilən birgə iclasında deyib.

O, əlavə edib ki, Aliment Fondunun yaradılması mexanizmi yeni bir təşkilatın yaradılması deməkdir: "Yeni təşkilatın yaradılması üçün isə dövlət həm Fondun yardılması və saxlanılması xərclərini həm də alımentlərin ödənilməsi üçün vəsait ayırmalıdır. Düşünürəm ki, bu vəsait də az məbləğ olmayacaqdır. Bəs yaxşı, əgər dövlət aliment ödəmiyən şəxsin əvəzinə aliment ödəyəcəksə sonradan hansı inzibatı mexanizmlə o pulları geri qaytaracaq? Bu adam öz övladı üçün pul ödəmirsə dövlətə borclarını necə ödəyəcək? Əgər Aliment Fondu yaratmaqla həmin şəxsin dövlətə borcu ödəmək mexanizmi də olacaqsa elə indiki halda da aliment ödəməyi məcbur etmək olar. Bunun üçün sadəcə alimentlərlə bağlı məhkəmə qərarlarının icrası və həmin şəxslərə qarşı icra mexanizmi sərtləşdirilməlidir. Başa düşürəm, bəzi Avropa ölkələrində, Məsələn, Macarıstanda, Almaniyada, Fransada belə fondlar var. Ancaq orda evlilik də, ailə dəyərləri də, dövlət və ailə qarşısında məsuliyyət də bizdəki ilə eyni deyil. Bunları nəzərə almaq lazımdır. Məsələn, təəssüflər olsun ki, bizdə aliment ödəyən şəxs lyuks şəraitdə yaşayır ancaq adına heç bir əmlak rəsmiləşməyib. Yaxud işləyir, ancaq əmək müqaviləsi olmadığından işsiz sayılır. Axı Avropada bu cür problemlər demək olar ki, yoxdur. Digər bir tərəfdən, inanın ki, Aliment Fondunun yaradılmasını biləndən sonra əvvəlcədən razılığa gəlib saxta boşananların sayının artması ehtimalları da az olmayacaq. Ona görə də ilk növbədə bu cür problemləri aradan qaldırmağın yollarını axtarmalıyıq, nəinki dövləti əlavə xərcə salmağı”.