QMƏVŞAİB Prezidentin diqqət və qayğısından məmnundur FOTOLAR

19 Noyabr 2019 13:32 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının qərargahında Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (QMƏVŞAİB) Nizami rayon şöbəsinin hesabat toplantısı keçirilib. Toplantı iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər, əziz xatirəsini ehtiramla yad ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan toplantıda müasir, müstəqil Azərbaycan Respublikasının banisi Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantıda Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev ötən 5 il ərzində görülən işlərə dair hesabat verib.

Sonra hesabat ətrafında çıxışlar olub. Şəhid ailəsi adından Dilarə Ələkbərova, şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva, II qrup Qarabağ müharibəsi əlili Fəxrəddin Bəhramov, Qarabağ müharibəsi veteranı Fərhad Bağırov dövlətin onlara diqqət və qayğısından söz açıblar, ictimai birliyin hesabatını qənaətbəxş hesab ediblər. Onlar Prezident İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunmalarından, şəhid ailələrinin, əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılması sahəsində aparılan işlərdən, pensiya, müavinət və təqaüdlərinin mütəmadi olaraq artırılmasından və cari ildə bu istiqamətdə inqilabi addımlar atılmasından məmnunluqla bəhs ediblər.

Toplantıda çıxış edən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini Şura Musayev, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qeyd ediblər ki, şəhid ailələrinə, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox, 626 mənzil təqdim edilib. Bu il isə azı 800 mənzilin verilməsi nəzərdə tutulub, onlardan artıq 214 mənzil verilib. Bildirilib ki, şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi proqramı 96 faiz icra olunub, 11740 şəhidin 17500-ə yaxın vərəsəsi ödəmə ilə təmin edilib. Cari ildə Prezidentin təqaüdünün şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırılıb, müharibə əlilləri və onlara bərabər tutulanlar üçün sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. 2018-ci ildə 265 müharibə əlili avtomobillə təmin olunub. Cari ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla, 600-ə yaxın avtomobilin verilməsi planlaşdırılıb ki, onlardan artıq 427 avtomobil təqdim edilib. Ümumilikdə, həmin kateqoriyadan olanlara indiyədək 6400-dək minik avtomobili verilib.

Çıxışçılar görülən ardıcıl işlərin ölkəmizdə aparılan güclü sosial siyasətin daha bir nəticəsi olduğunu vurğulayıblar.

Toplantının sonunda bir qrup Qarabağ müharibəsi əlilinə, şəhid ailəsinə və müharibə veteranına fəxri fərmanlar, partiya vəsiqələri təqdim olunub.

Rəfiqə HÜSEYNOVA