"Növbəti illərdə Naxçıvanda yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır"

18 Noyabr 2019 18:20 (UTC+04:00)

"Keçən il Naxçıvan büdcəsinin gəlirləri təqribən 400 milyon manata yaxın idi. İndi növbəti il üçün büdcə məsələləri müzakirə olunur. Əlbəttə ki, Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik. Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm". Bunu Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən deyib.

Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın. Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin.