"Dollar ucuzlaşacaq" EKSPERT RƏYİ

18 Noyabr 2019 14:44 (UTC+04:00)

"FES-in faizləri endirmək siyasəti davamlı xarakter daşıyacaq. Faizlərin endirilməsi Çinlə ticarət savaşı başa çatandan və Brexit məsələsi tam yekunlaşandan sonra dayanacaq". Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, FES-in faiz siyasətinə Çin Mərkəzi Bankının qərarları da təsir edəcək.

Ekspert bildirdi ki, əgər Çin Mərkəzi Bankı öz uçot dərəcəsini minimum səviyyədə saxlayarsa, FES faiz dərəcəsini endirməyi dayandıracaq.

P.Heydərov indiki şərtlərlə FES-in mənfi faiz dərəcəsini tətbiq edəcəyinə inanmır: “FES bu ilin dekabrında daha bir dəfə uçot dərəcini azalda bilər. Bu, gözlənilən ehtimaldır. Amma sıfır və ya mənfi faiz dərəcəsinin tətbiqi real deyil. Bunun üçün zəruri amillər formalaşmayıb. Yalnız, dünya iqtisadiyyatında dərin böhran yaşanarsa, eyni zamanda ABŞ iqtisadiyyatı böhrana məruz qalarsa, o halda, uçot dərəcəsi sıfır həddinə qədər azaldılacaq. İndiki halda isə dərəcə ən pis variantda 0,25 səviyyəsinə düşəcək. Amma sıfır dərəcənin tətbiq ediləcəyini proqnozlaşdırmıram. Çünki qlobal böhran əlamətləri olsa da, ABŞ iqtisadiyyatında müəyyən geriləmələr baş versə də, bu, 2008-2009-cu ildə olduğu qədər acınacaqlı deyil”.

Ekspert qeyd edib ki, uçot dərəcəsinin daha çox azaldılması dolların ucuzlaşmasına əsas yarada bilər: "Bu vəziyyətdə dollar digər valyutalar qarşısında məzənnə dəyəri itirəcək. Dünyada dolların ucuzlaşmasının manata qarşı olan məzənnədə dəyişikliyə səbəb olacağı gözlənilmir.Dollar manat məzənnəsi hələ də əsasən neftin qiymətindən asılıdır və məzənnə dəyişikliyi yalnız neftin qiymətinin kəskin dəyişəcəyi təqdirdə baş verə bilər".