Şəhidlik zirvəsinə gedən yol

18 Noyabr 2019 10:43 (UTC+04:00)

Ceyhun Orucəliyev 1983-cü ilin 31 oktyabrında Şahbuz rayonunun Mahmudoba kəndində Pirəli dayının ailəsində dünyaya göz açıb. Uşaqlığı bütün kənd uşaqları kimi Şahbuzun dağlarında, düzlərində keçib. Vətən sevgisini də qocaman dağların ab-havasından alıb. Bəzən qoyun-quzu dalınca qaçdığı, çaylarında, göllərində balıq tutduğu, gül-çiçək topladığı bu qaraca torpağın şəhid qurbanı olacağını düşünmədən yaşamışdı bu dağ kəndində. Ceyhunun o zaman elə uşaq çağlarından düşündüyü zabit, hərbçi olmaq istəyi idi. Bu istək onu Cəmşid Naxçıvanski adına liseyin Naxçıvan filialının kursantı olmağa gətirib çıxardı.

Hərbi liseydə aldığı dərslər, keçdiyi təlimlər Ceyhunun Vətən sevgisini, vətənpərvərlik duyğularını daha da mətinləşdirdi. 2001-ci ildə İlu öndər Heydər Əliyevin Naxçıvana növbəti səfəri zamanı gənc, şivərək oğlan olan Ceyhun Cəmşid Naxçıvanski adına hərbi liseyin ilk kursantı kimi orada iştirak etdi.

Bu gün sosial şəbəkələrdə hər kəsin eşitdiyi bu 2 dəqiqəlik çıxışda Ceyhun Orucəliyev mənliyini, xarakterini, vətənpərvərliyini aydın xarakterizə edir.

“Biz vətənimizə sadiq olacağıq, yurdumuzu işğaldan azad edəcəyik”-deyən və çıxışını bir şeir parçası ilə bitirən Ceyhun yəqin ki, 13 il sonra qəhrəman kimi Azərbaycanın azadlığı uğrunda şəhid olacağını, bir ata-ananın oğulluğundan çıxıb Vətənə oğul olacağını düşünməmişdi. O, bir əsgər, bir zabit, bir hərbçi kimi Vətən qarşısında and içmiş və andına sadiq qalmışdı. 2005-ci ildə Azərbaycan Ali Hərbi məktəbini bitirən Ceyhun Azərbaycan Silahlı Qüvvələrində zabit kimi hərbi xidmətə başlamışdı. Hər zaman komandanlığın hörmətini qazanan, layiqli xidmətinə görə təşəkkürlər, təltiflər alan Ceyhun döyüş bölgəsini bir an da olsun tərk etmədi. İnsanın həqiqi gücü biləyində yox, diləyindədi deyiblər.

Qeyd edək ki, Ceyhun Orucəliyev 2014-cü ilin aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində həlak olub.