Bolqarıstanda keçirilən yeniyetmə sablyaçılar arasında “European Cadet Circuit” turniri yekunlaşıb

18 Noyabr 2019 06:43 (UTC+04:00)

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən yeniyetmə sablyaçılar arasında “European Cadet Circuit” turniri yekunlaşıb.

SİA xəbər verir ki, 17 yaşadək oğlan sablyaçıların şəxsi yarışında Maqsud Hüseynli qrup mərhələsini 5 qələbə ilə başa vurub. İdmançımız 1/64 finalda ABŞ təmsilçisi Braydon Boltona 15:9 hesabı ilə qalib gəlib. M.Hüseynli 1/32 finalda sinqapurlu Dan Vei Zuoya 8:15 hesabı ilə məğlub olub.

Digər oğlan sablyaçılarımızdan Saleh Məmmədov və Murad Əkbərov qrupda 3 qələbə qazanaraq pley-offa yüksəlib. Sablyaçılarımız pley-offda rusiyalı həmkarlarına məğlub olub. Saleh 11:15 hesabı ilə Lev Maninə, Murad Əkbərov isə 8:15 hesabı ilə Yaroslav Savinova uduzub. Qrupda cəmi 1 qələbəsi olan Ayxan Xasiyev isə mübarizəni erkən dayandırıb. Sablyaçı oğlanlarımız komanda yarışında Macarıstanın 2-ci komandasına 29:45 hesabı ilə məğlub olub.

Eyni yaş kateqoriyası üzrə qız sablyaçıların şəxsi yarışında Zərifə Hüseynova qrup mərhələsini 3 qələbə ilə bitirərək pley-offa adlayıb. Təmsilçimiz 1/64 finalda Rumıniya idmançısı Alissa Stefaneskuya 10:15 hesabı ilə uduzub.

Qrupda 1 qələbəsi olan Sara Aydəmirova zərbələrin sayına görə pley-offa yüksəlsə də, burada türkiyəli İrmak Duvan 6:15 hesabı ilə məğlub edib.