Bakıda III Beynəlxalq Uroonkologiya simpoziumu keçirilib

16 Noyabr 2019 16:02 (UTC+04:00)

Bu gün Bakıda Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə III Beynəlxalq Uroonkologiya simpoziumu keçirilib. SİA-nın verdiyi məlumata görə, simpoziumun açılış mərasimində çıxış edən Milli Onkologiya Mərkəzinin direktorunun birinci müavini Fuad Quliyev bildirib ki, tədbirdə azərbaycanlı mütəxəssislərlə yanaşı, Türkiyə, Almaniya, Hollandiya, Rusiya, Ukrayna, Belarus və Gürcüstandan gəlmiş onkoloq-həkim və tədqiqatçılar iştirak ediblər.

F.Quliyev qeyd edib ki, onkoloji xəstəliklər bugünkü səhiyyənin ən aktual məsələlərindən biridir: "Dünyada onkoloji xəstələrin sayı getdikcə artmaqdadır. Lakin ən önəmli məsələ onkoloji xəstəliklərlə uğurlu mübarizə aparmaq üçün insanların maarifləndirilməsidir. Eyni zamanda peşəkar kadrların hazırlanmasına da ehtiyac var. Bu kimi tədbirlərin əsas mahiyyəti həm də qarşılıqlı fikir mübadiləsi aparmaq və bu sahəni bir az da inkişaf etdirməkdir. Bakıda onkoloji xəstəliklərlə bağlı simpoziumun keçirilməsinin məqsədi budur".

Direktor müavini qeyd edib ki, bu gün səhiyyənin inkişafı üçün qarşılıqlı fikir mübadiləsinin aparılmasına ehtiyac var. Bu sahənin mütəxəssisləri öz təcrübələrini bir-biri ilə paylaşmalıdırlar.

Qeyd edək ki, simpoziumda uroonkoloji xəstəliklərə müasir yanaşmanın rolu, ona müxtəlif yanaşma aspektləri müzakirə edilib.

Tədbirdə "Azərbaycanda uroonkoloji xidmətin təşkili", "Urologiya təlimində standartlar", "Prostat xərçəngində aktiv müşahidə" və s. mövzularda çıxışlar dinlənilib.