Mədəniyyət könüllülərinin sıraları genişlənir FOTOLAR

16 Noyabr 2019 11:09 (UTC+04:00)

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi mədəniyyət könüllülərinin sıraları və rəsmi tərəfdaşlıq əlaqələrinin genişləndirməsini davam etdirir. SİA-nın məlumatına görə, Bakı Xoreoqrafiya Akademiyasında mərkəz tərəfindən təşkil olunmuş “Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda seminar keçirilib.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev seminarın məqsədini mədəniyyət sahəsində çalışan əməkdaşlar arasında könüllülük fəaliyyətinin təşviqi, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması, müəssisələrarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi olaraq dəyərləndirib. Direktorun çıxışında akademiya tələbələrinin və digər fəalların da gələcəkdə könüllülük hərəkatına qoşulacağına və Azərbaycan dövlətinin milli maraqları naminə ümumi işə töhfə verəcəklərinə əminlik ifadə olunub.

Mərkəzin elmi katibi Cavid Əliyev dövlətin idarə olunmasında gənclərin və könüllülük təsisatlarının rolundan, eləcə də tarixən aparıcı qüvvəyə malik gənclərin səmərəli fəaliyyətindən, müasir çağırışlardan bəhs edib.

Mərkəzin İnnovativ inkişaf və təbliğat şöbəsinin müdiri Nurəddin Babazadə çıxışında gəncləri mədəniyyət sahəsində könüllülük fəaliyyətinə qoşulmağa dəvət edib.

Könüllülük fəaliyyəti və gənclər mövzusunda təqdimatla çıxış edən Gənc mədəniyyət işçiləri ilə iş sektorunun müdiri Ceyhun Əhmədov könüllülük fəaliyyəti, onun mənəvi üstünlükləri, hər bir fərdin bilik və bacarıqlarının, peşəkarlıq və peşə etikasının formalaşmasında könüllülüyün rolu haqqında məlumat verib.

Mədəniyyət nümunələrinin tədqiqi və təbliği sektorunun müdiri Aygün Balabəyova “Könüllük fəaliyyətinin strateji tədbirlər planını” təqdim edib.

Seminarın sonunda prorektor S.İbrahimova iştirakçılara və qonaqlara təşəkkürünü bildirərək, qeyd edib ki, burada keçirilən mədəni-kütləvi tədbirlər, xüsusən tələbələr tərəfindən böyük maraqla qarşılanan çoxsaylı konsertlər, müsabiqələr, eləcə də digər maarifləndirici tədbirlər akademiyanı zəngin ənənəyə malik mədəni mərkəzə çevirib.

Qeyd edək ki, bu günə qədər mədəniyyət könüllüləri sırasına Lənkəran Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin və Bakı Humanitar Kollecinin tələbələri də qoşulub.