Dövlət Xidmətinin rəisi direktorla görüşüb

16 Noyabr 2019 09:57 (UTC+04:00)

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov UNESCO-nun Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun direktoru, UNESCO-nun eksperti Dimitri Voyakini qəbul edib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, qonağı səmimiyyətlə salamlayan Zakir Sultanov ölkəmizin mədəni irsi, tarixi abidələri haqqında məlumat verərək Azərbaycanda mədəni irsin qorunması, bərpası və təbliği sahəsində görülən işlərdən danışıb.

Azərbaycanın bu istiqamətdə beynəlxalq təşkilatlarla, xüsusi ilə UNESCO ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Hazırda ölkəmizdə bir sıra tarixi abidələrdə bərpa-konservasiya işlərinin həyat keçirildiyini diqqətə çatdıraraq qeyd edib ki, Azərbaycanın ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada bərpa-konservasiya işləri həyata keçirilir.

UNESCO-nun Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun direktoru, UNESCO-nun eksperti Dimitri Voyakin Böyük İpək Yolu üzərində yerləşən tarixi məkanlarda tədqiqatların aparılması məqsədi ilə noyabrın 10-dan ölkəmizdə səfərdə olduğunu bildirib. Səfər çərçivəsində bir sıra tarixi məkanlarımıza o, cümlədən Çıraqqala, “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğu, “Allah-Allah” və “Diri baba” türbələri, eləcə də qədim Gəncə, Şəmkir, Şabran, Ağsu və Qəbələ şəhər yerləri ilə tanış olub.

Vurğulayıb ki, Böyük İpək Yolunun üzərində mövcud olan tarixi şəhərlərin, burada yerləşən tarixi abidələrin UNESCO-nun Dünya İrs Siyahısına salınması məsələsi böyük əhəmiyyətə malikdir.

Görüşdə bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, əlaqələrin gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılıb.