“Dini liderlərin Bakı Bəyannaməsi dünya üçün sülh mesajıdır” - BƏHRUZ QULİYEV

15 Noyabr 2019 18:25 (UTC+04:00)

"Dünya dini liderlərinin II Bakı sammitinin ölkəmizdə keçirilməsi ilk öncə sübut edir ki, Azərbaycan həqiqətən də dünyanın ən tolerant və multikultural dəyərlərə malik olan ölkələrindən biri və birincisidir". Bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin Baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən tədbirlə bağlı fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan həmçinin istər bölgədə, istərsə də beynəlxalq aləmdə sülh carçısıdır və bu reallıq özünü sammitdə qəbul olunan Bakı Bəyənnaməsində də göstərdi. SİTAT: "Belə ki, dünyada baş verən mövcud münaqişələr və bu münaqişələrin həlli məsələlərinin məhz Bakı sammitində müzakirəyə çıxarılması eyni zamanda işğalçı Ermənistanın Azərbaycana qarşı tətbiq etdiyi işğalçılıq siyasətinin pislənməsi kimi də dəyərləndirilə bilər. Bu xüsusda, dünyanın aparıcı din xadimlərinin, konfessiya liderlərinin bəyannaməni imzalamaları ölkəmizin Ermənistan üzərində növbəti diplomatik qələbəsi kimi də qəbul olunmalıdır. Çünki təcavüzkarlıq və işğalçılıq siyasəti bəşəriyyət üçün ciddi təhlükədir və sülh çağırışlarının vacibliyi bu mənada, dünya üçün mesaj sayıla bilər".

"Əbəs deyil ki, sammitin açılışında bu və bu kimi digər vacib məsələlərə toxunarkən, Prezident İlham Əliyev cənabları Azərbaycanın belə Zirvə görüşlərinin təşəbbüskarı olaraq, daim öndə olduğunu vurğulayıb, bütövlükdə isə, Bakını belə görüşlərin mərkəzi olaraq təqdim edib", deyə qeyd edən Bəhruz Quliyev onu da bildirib ki, Azərbaycan bundan sonra da öz sülhpərvər mövqeyinə sadiq qalaraq, hər zaman sivilyazisiyalararası, mədəniyyətlərarası, tolerantlıq və multikultural dəyərlərin qorunmasına doğru istiqamətlənmiş dialoqların keçirilməsi mərkəzi kimi öncüllüyünü qoruyub-saxlayacaq: "Ümumiyyətlə, ölkəmizdə keçirilən hər bir mühüm və əhəmiyyətli beynəlxalq tədbirlər dövlətimizə olan rəğbətin və hörmətin göstəricisidir. O cümlədən, cənab İlham Əliyevin bu kimi tədbirlərdə çıxış və nitqləri də dünyanın aparıcı insanları - diplomatları, politoloqları, din xadimləri və s. nümayəndələri üçün bir örnəkdir. Bu baxımdan, Dünya dini liderlərinin II Bakı sammiti də öz növbəsində özündə bütün bu kimi meyarları kifayət qədər əks etdirir".