"Sammit Azərbaycanın beynəlxalq tədbirlərin təşəbbüskarı olduğunu göstərdi" RƏY-ÖZƏL

15 Noyabr 2019 15:17 (UTC+04:00)

“Hər bir hadisənin tarixi əhəmiyyətini zaman müəyyənləşdirir. Dünya dini liderlərinin II Bakı sammitinin də əhəmiyyəti bu günlə qeyd edilsə də, sonrakı mərhələlərdə onun əhəmiyyəti daha geniş şəkildə görünəcək”. Bu fikirləri SİA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, sammitdə qəbul olunan Bakı Bəyənnaməsində dünyada mövcud münaqişələr və onların həlli məsələləri ilə paralel, o cümlədən bizim bölgədəki münaqişələr də öz əksini tapır.

Dövlət komitəsinin sədrinin sözlərinə görə, sənəddə xüsusilə də Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin və onun sülh yolu ilə həlli istiqamətində dini təşkilatların, din xadimlərinin təşəbbüsləri və rolu məsələlərinə toxunulur: “Burada yalnız bizim bölgə deyil, dünyada olan münaqişə ocaqları, din xadimlərinin də buna münasibəti öz əksini tapıb”.

M.Qurbanlı söyləyib ki, bu gün tolerantlığın, mültikulturalizmin alternativi yoxdur: “Bunun alternativi müharibə, qarşıdurma, müxtəlif dinlərin arasında olan toqquşmadır. Ona görə də dünyada tolerantlığın multikultural dəyərlərin daha geniş şəkildə təşviq və təbliğ etməyə ehtiyac var. Heç bir din insanlığı, bəşəriyyəti müharibəyə, qan tökməyə çağırmır. İstər Tövrat, istərsə də Quranı Kərimə diqqətlə baxsaq, bütün dinlərin çağırışlarında sülh, əmin-amanlığın olduğunu görərik”.

Komitə sədri vurğulayıb ki, II Bakı sammitində qəbul olunan həm Bakı Bəyənnaməsi, həm Prezident İlham Əliyevin Zirvə görüşünün açılışında çıxışı, həm də digər edilən müzakirələr ümumilikdə əhəmiyyətli hadisədir: “ Bu sammit, burada qəbul olunan sənəd, tədbirin xüsusilə də Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq tədbirlərin, ölkəmizin bir sıra beynəlxalq xarakterli münaqişələrin və ya digər məsələlərin həllində mərkəz və təşəbbüskar olduğunu göstərir”.

Beynəlxalq miqyasda sivilyazisiyalararası, mədəniyyətlərarası dialoqla bağlı Bakının təşəbbüsü ilə Bakı prosesi adı altında artıq uzun illərdir ki tədbirlərin keçirildiyini xatırladan M. Qurbanlı əlavə edib ki, Dünya dini liderlərinin II sammitinin Azərbaycanda keçirilməsi və bundan sonra da bu platformanın davam etməsi çox vacibdir.