Milli Kitabxananın direktoru Rusiyada beynəlxalq forumda çıxış edib

15 Noyabr 2019 14:32 (UTC+04:00)

Dövlət Ermitajının Baş qərargahında VIII Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində "Böyük Qələbənin 75 illiyi: Ədəbiyyat, kino, teatr" mövzusunda konfrans keçirilib. Konfransda ölkəmizi Milli Kitabxananın direktoru, professor Kərim Tahirov təmsil edib.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, konfrans Rusiyanın Televiziya aparıcısı, dokumentalist Nika Strijakın moderatorluğu ilə keçirilib.

Tədbirdə Rusiyanın "Эксмо-АСТ" nəşriyyat qrupunun prezidenti Oleq Novikov, Belarus Milli Kitabxanasının direktoru Roman Motulski, M.Qorki adına Moskva İncəsənət Akademik Teatrının bədii rəhbəri Eduard Boyakov, Rusiyanın Sovet və Rus film və teatr rejissoru, aktyor Dmitri Astraxan və digər şəxslər iştirak ediblər.

Konfrans iştirakçıları tərəfindən ədəbiyyat, teatr, kino və televiziya sahəsində hazırlanmış əhəmiyyətli layihələr – beynəlxalq ictimaiyyətlə ünsiyyət yolları və vasitələri ilə MDB ölkələrində gənc nəsillər arasında Böyük Qələbənin xatirəsinin qorunmasına yönəlmiş layihələr təqdim edilib, həmçinin müxtəlif mədəniyyət meyillərinin qovşağında formalaşan və beynəlxalq kontekstdə yazılmış yeni formatlar barədə müzakirələr edilib. Eyni zamanda, mədəniyyət müəssisələrinin Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinin qeyd olunmasındakı rolundan danışılıb.

Kərim Tahirov Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə Azərbaycan Milli Kitabxanasının həyata keçirəcəyi tədbirlər və MDB-yə daxil olan bir sıra ölkələrin milli kitabxanaları ilə birgə həyata keçirəcəyi layihələr barədə danışıb.

Eyni zamanda, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və Rusiya Milli Kitabxanasının baş direktoru Aleksandr Verşinin arasında görüş keçirilib. Görüşdə Azərbaycan Milli Kitabxanası ilə Rusiya Milli Kitabxanası arasındakı qarşılıqlı əməkdaşlığın daha da inkişaf еtdirilməsi, еlm, mədəniyyət və məlumat mənbələrinin yayılması və mübadiləsi sahəsində gələcək əməkdaşlığın davam etdirilməsi istiqamətində danışıqlar aparılıb.

Daha sonra Rusiya Milli Kitabxanasının əməkdaşlarının müşayiəti ilə Foruma dəvət olunmuş iştirakçıların Dövlət Ermitajında ekskursiyası təşkil edilib.

Qonaqların iştirakı ilə VIII Sankt-Peterburq Mədəniyyət Forumunun təntənəli açılış mərasimi axşam saatlarında Mariinsky Teatrının yeni səhnəsində keçiriləcək.