Avstraliya aviaşirkəti 19 saatlıq kommersiya uçuşu həyata keçirib

15 Noyabr 2019 12:23 (UTC+04:00)

Avstraliyanın "Qantas Hava Yolları" şirkətinə məxsus "Boeing 787-9 Dreamliner" markalı sərnişin təyyarəsi Böyük Britaniyanın paytaxtı Londondan Avstraliyanın Sidney şəhərinə 19 saatlıq uçuş həyata keçirib. SİA-nın verdiyi məlumata görə, Hitrou Beynəlxalq Hava Limanından qalxacaq avialayner 100 ton yanacaqla, 17 800 km yol gedib və 50 sərnişin daşıyıb. 4 pilotun həyata keçirdiyi uçuşda Avropa ölkələrinin, Rusiya, Qazaxıstan və Çinin hava məkanından istifadə olunub.

Səyahət zamanı mütəxəssislər uçuşun pilotlar və təyyarə bələdçilərinə, eləcə də sərnişinlərə təsirini müşahidə ediblər. Təyyarənin istehsalçısı olan ABŞ-ın "Boeing" şirkəti isə uçuş barədə əldə olunan məlumatları təhlil edəcək.