Mədəniyyətin səyyar briqadaları növbəti təlimi Sabirabadda keçiriblər

15 Noyabr 2019 11:11 (UTC+04:00)

Respublikamızda mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin artırılması məqsədi ilə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yeni tədris modulları əsasında təlimlər təşkil edir.

SİA-nın məlumatına görə, növbəti belə təlim Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə noyabrın 14-də Sabirabadda keçirilib.

Səyyar briqadalar mədəniyyət siyasətinin həyata keçirilməsini daha aktiv, mobil və əlverişli şəkildə təmin etmək məqsədilə təşkil edilib. Təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verməklə birlikdə kreativ yanaşmalar tətbiq olunub.

Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov, idarəyə tabe olan Sabirabad, Şirvan, Saatlı, Hacıqabul rayon Mədəniyyət mərkəzlərinin direktorları çıxış edərək regionun mədəniyyət sahəsində gördüyü işlərdən və gələcək planlardan danışıblar.

Səyyar briqadasının üzvləri Elnur Hacıbabayev “Yeni formatlı tədbirlərin təşkili: xüsusiyyətləri və qaydaları”, Elnarə Hacıyeva “Mədəniyyət müəssisələrində pullu xidmətlərin təşkili: xüsusiyyətlər və problemlər”, Aygün Hüseynova “Mədəniyyət müəssisələrinin fandreyzinq fəaliyyəti”, Nadir Məmmədov “Klub işinin təşkili”, Bakı şəhər 8 Mart adına Mədəniyyət Evinin direktoru Rüfət Məmmədov “Mədəniyyət evlərinin müasir fəaliyyət növləri”, H.Abbasov adına Mədəniyyət Mərkəzinin direktoru Tofiq Dadaşov “Mədəniyyət evlərinin müasir fəaliyyət növləri” mövzularda təlimlər təqdim ediblər.

Çıxış edənlər Mədəniyyət evlərində dərnəklərin yeni tədris modullar əsasında keçirilməsindən, ödənişli xidmətlərdən, marketinq və menecmentdən bəhs ediblər.

Daha sonra təlimdə dinləyicilər mədəniyyət müəssisələrin fəaliyyətinin müasir şəkildə təşkil olunmasının vacibliyi haqqında öz mülahizələrini bölüşüblər.

Qeyd edək ki, növbəti dəfə səyyar briqadalar Göyçay rayonuna yola düşəcəklər. Bu günə kimi də qısamüddətli təlimlər Salyan və Lənkəran şəhərlərində həyata keçirilib.