Elçin Cəfərov: “AGF rəhbərliyi Minskdə keçirilmiş Dünya Kuboku turnirinin nəticəsindən narazıdır”

9 Mart 2011 20:28 (UTC+04:00)

Tofiq Bəhramov adına Respublika stadionunun yunan-Roma güləşi zalında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov məşqçilər və idmançıların iştirakı ilə mətbuata açıq toplantı keçirdi. Siasport.az saytı xəbər verir ki, toplantıda yunan-Roma güləşçilərimizin son günlərdə iştirak etdiyi beynəlxalq turnirlərin, eləcə də Belarusun paytaxtı Minskdə keçirilən Dünya Kuboku turnirinin nəticələri təhlil edildi.

"Azərbaycan Güləş Federasiyasının rəhbərliyi yunan-Roma güləşi üzrə Belarusun paytaxtı Minskdə keçirilmiş Dünya Kuboku turnirinin nəticəsindən narazıdır və qeyd olunan yarışda yığma komandanın lider idmançılarının imkanlarından aşağı səviyyədə güləşmələrinin səbəblərini araşdırır". Bu fikirləri yığma üzvlərinin iştirakı ilə keçirilən toplantıda Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov dedi. O, Minskdə keçirilmiş Dünya Kuboku turnirinin nəticəsinin naraharlıq üçün kifayət qədər əsas verdiyini bildirərək, idmançı və məşqçi heyətindən bunun səbəblərini açıqlamağı tələb etdi. Vitse-prezident federasiya rəhbərliyi tərəfindən idmançılar üçün hər cür şəraitin yaradıldığını, məşqçilər korpusu tərəfindən idmançıların hazırlığı üçün bütün işlərin görüldüyünü vurğuladı. Amma Rövşən Bayramov, Həsən Əliyev, Vitaliy Rəhimov kimi titullu idmançıların Dünya Kubokunun vacib qarşılaşmalarında etimadı doğrultmaması yekunda komandamızın medalsız qalması ilə nəticələndi ki, bu da bir sıra vacib qərarların qəbul edilməsi ilə nəticələndi. Belə ki, lazımi nəticənin qazanılmaması sözügedən yarışda iştirak edən idmançıların məvaciblərinin yarıbayarı kəsilməsi ilə nəticələnib. "Biz lider idmançıları bu ayın sonunda Almaniyada start götürəcək Avropa çempionatından azad etmək istəyirdik, amma Minskdə zəif güləşdikləri üçün qərara aldIq ki, onlar öz günahlarını yumaq üçün mütləq Avropa çempionatında iştirak etməlidirlər", - deyən Elçin Cəfərov işinə məsuliyyətlə yanaşmayan istənilən idmançının titulundan asılı olmayaraq yığmadan kənarlaşdırılacağını bildirdi.

Millinin baş məşqçisi Fərid Mansurov isə, Avropa çempionatına qədər çatışmazlıqların aradan qaldırılacağına inandığını bildirdi: "Biz idmançılara onların səhvlərini başa salmışıq. Avropa çempionatına qədər vaxt var. Bu onlar üçün bir şansdır və çalışıb etimadı doğrultmalıdırlar. Onlar vətən, bayraq üçün güləşməlidirlər. Çünki güləşçilər üçün ölkə idman rəhbərliyi, Azərbaycan Güləş Federasiyasının rəhbərliyi nə lazımdırsa edib".