«Gənc Bələdiyyələr - daha dinamik xidmət»

14 Noyabr 2019 16:01 (UTC+04:00)

23 dekabr 2019-cu il tarixində keçiriləcək Bələdiyyə seçkiləri çərçivəsində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı - «Gənc Bələdiyyələr – daha dinamik xidmət» devizi ilə bələdiyyə seçkilərinə hazırlıq işlərinə start verib. Rayon təşkilatından verilən məlumata istinadən, partiya təşkilatının tərkibində Seçki Qərargahı yaradılmış, qərargahın üzvləri ilə görüşlər keçirilmiş, onlar üçün bir neçə dəfə treninqlər təşkil edilmiş və vəzifə bölgüsü aparılmışdır. Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahının tapşırığına uyğun olaraq, partiya təşkilatı tərəfindən bələdiyyə üzvlüyünə namizədliklə bağlı müraciətlərə baxılmış, onların arasında rayonda böyük nüfuza malik, rayon ictimaiyyəti tərəfindən sayılıb - seçilən insanların namizədlikləri irəli sürülmüşdür. Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı «Gənc Bələdiyyələr - daha dinamik xidmət» devizi ilə qoşulduğu seçki prosesində gənc namizədlərə daha çox üstünlük vermişdir.Qeyd edək ki, YAP Suraxanı rayon təşkilatı tərəfindən 6 qəsəbə Bələdiyyəsi üzrə 88 namizəd irəli sürülmüşdür (Qaraçuxur -17 nəfər, Əmircan - 15 nəfər, Bülbülə - 15 nəfər, Yeni Suraxanı -13 nəfər, Hövsan-15 nəfər və Zığ - 13 nəfər). Artıq namizədlərin rayon ərazisində imzatoplama prosesi uğurla başa çatdırılıb. Onlar seçicilərlə fərdi qaydada görüşmüş, öz namizədliklərinin təsdiq edilməsi üçün, şəxsən imza toplamışlar. Seçicilərin namizədlərimizə xoş münasibət əsas verir deyək ki, bu seçkilərdə də, Yeni Azərbaycan Partiyası böyük səs çoxluğu ilə qalib gələcəkdir.

ZÜMRÜD BAYRAMOVA