Paşinyan nifrət mühiti yaratmaqda və cəmiyyəti parçalamaqda günahlandırılır

14 Noyabr 2019 11:57 (UTC+04:00)

Ermənistanın İctimai Şurasının rəhbəri istefa verib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu mövzuda verdiyi açıqlamada Ermənistan İctimai Şurasının rəhbəri Vazgen Manukyan Ermənistan hakimiyyətini etimadsızlıq və nifrət mühiti yaratmaqda, cəmiyyəti parçalamaqda günahlandırıb. Daha dəqiq desək, Ermənistan hakimiyyəti dedikdə, dolayısı ilə Paşinyan özü şəxsən nifrət mühiti yaratmaqda və cəmiyyəti parçalamaqda günahlandırılır.
Manukyanın sözlərinə görə, mənfi tendensiyalar yeni çağırışlar, Ermənistanın və Qarabağın təhlükəsizliyinə təhdidlər fonunda müşahidə olunur. O, qeyd edib ki, Ermənistan hakimiyyəti cəmiyyəti birləşdirmək əvəzinə daha çox parçalanmalara səbəb olan lahiyələr və addımlara üstünlük verir. Bu cür layihələrə misal olaraq, Manukyan, keçid dövründə məhkəmələrdəki qanunsuzluqları, məhkəmə qərarı olmadan əmlakın müsadirə edilməsini, təhsil islahatlarının və siyasi məsələlərin həllində məhkəmə sisteminin istifadəsini qeyd edib.
"Bu şərtlər daxilində bundan sonrakı fəaliyyətimi mənasız hesab edirəm və hökumətin bu barədə yazılı məlumat verdiyi Ermənistan İctimai Şurasını tərk edirəm", deyə şura sədri narazılığını da gizlətmədən istefasının səbəbini açıqlayıb.