"Ölkəmizi tanıyaq" devizi altında Qaradağ rayon məktəbliləri qərb bölgəsinə səfər edib

13 Noyabr 2019 17:40 (UTC+04:00)

Dünən "Ölkəmizi tanıyaq" devizi altında Qaradağ rayon məktəbliləri Qərb bölgəsinə səfər edib. Səfərdən öncə, məktəblilər rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə güllər düzərək, əziz xatirəsini yad ediblər.

Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin əməkdaşlarının, ziyalıların, məktəb direktorlarının, valideynlərin iştirak etdiyi tədbirdə Qaradağ rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılov çıxış edərək bildirib ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin "Ölkəmizi tanıyaq" devizi altında vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyalarının təşkil olunması, artıq ənənə halını almışdır: "Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.» S.Mikayılov onu da vurğlayıb ki, tur-aksiya çərçivəsində 13-16 noyabr tarixlərində Qaradağ rayonundan olan 40 məktəbli Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə səfər edəcək və eyni zamanda, tarixi məkanlarla, yeni tikililərlə yaxından tanış ola biləcəklər: "Gəncə şəhərində Qədim Qala Divarları, Gəncə Tarix-Diyarşünaslıq Muzeyi, "İmamzadə" Kompleksi, Nizami Gəncəvinin Məqbərəsi, Şəmkirdə "Orta əsr Şəmkir şəhəri", Alman kilsəsi, "İstiqlal" Parkı, Göygöldə Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Göygöl Milli Parkı və digər məkanlara ekskursiya şagirdlərin yaddaşında silinməz iz qoyacaq".
Tədbirdə çıxış edən müəllimlər, valideynlər, məktəblilər ölkə başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın onlara göstərdiyi diqqət və qayğıdan məmnun olduqlarını bildirib və gənc nəsil üçün yaradılan şəraitdən söz açıblar.
Sonda məktəblilər rayon icra hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyəti, müəllimlər və valideynlərin iştirakı ilə Gəncə, Şəmkir və Göygöl istiqamətinə təntənəli şəkildə yola salınıblar.

R.KAMALQIZI