Aktyor yenidən səhnəyə qayıtdı FOTO

13 Noyabr 2019 17:21 (UTC+04:00)

Ötən mövsümün sonu istedadlı aktyorumuz, Sumqayıt Dövlət Dram Teatrının repertuarında yer tutan tamaşalarda özünəməxsus obrazlar yaratmış Yalçın Səlimov uğurlu əməliyyatdan sonra doğma kollektivə, səhnəyə qayıdıb. SİA-nın məlumatına görə, bu gün nəhayət uzunmüddətli fasilədən sonra səhnədə- Abdulla Şaiqin “Qaraca qız” tamaşasında öz sevimli obrazını canlandırıb. Bu sevindirici hadisəni teatrın texniki və yaradıcı heyəti xüsusi təntənə ilə qeyd etməyə qərar verib.

Tamaşanın sonunda səhnəyə aktyorun şərəfinə xüsusi hazırlanmış tort gətirilib. Teatrın direktoru əməkdar artist Mübariz Həmidov da bu xoş anlarda kollektivimizin yanında olub. “Hər zaman olduğu kimi bu dəfə də hörmətli Mehriban xanımın mədəniyyətə, ictimaiyyətə, bu sferada çalışan insanlara qarşı nə qədər həssas yanaşdığının bir daha şahidi olduq” deyə Mübariz Həmidov qeyd edib. Teatr rəhbərliyi istedadlı bir insanın yenidən həyata qayıtmasına vəsilə olmuş hərmətli Mehriban xanıma təşəkkürünü vurğulayıb. Həmçinin teatra və yaradıcı insanlara ayrı-ayrılıqda hər zaman dəstək olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Sumqayıt şəhər icra hakimiyyətinə kollektiv adından minnətdarlıq edib.