Mədəniyyət sahəsinin könüllüləri sırasına ATMU də qoşulub FOTOLAR

13 Noyabr 2019 14:53 (UTC+04:00)

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi mütəmadi olaraq könüllülük fəaliyyətinin sahəsini genişləndirir. SİA-nın məlumatına görə, Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) mədəniyyət sahəsində çalışan əməkdaşlar arasında könüllülük fəaliyyətinin təşviqi, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması və müəssisələr arası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi ilə “Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda seminar keçirilib.

Seminarda ATMU-nun rektoru İlham Mədətov çıxış edərək, qeyd edib ki, ölkəmizdə könüllülük fəaliyyətinin gənclər arasında qısa müddətdə zəngin təcrübəyə malik böyük bir hərəkata çevrildiyini təqdirəlayiq hal kimi dəyərləndirib.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev çıxış edərək Azərbaycan dövlətinin milli maraqları naminə universitet tələbələrinin və digər fəal gənclərin də gələcəkdə könüllülük hərəkatına qoşulacağına və ümumi işə töhfə verəcəklərinə əmin olduğunu ifadə edib.

Mərkəzin elmi katibi Cavid Əliyev dövlətin idarə olunmasında gənclərin və könüllülük təsisatlarının rolundan, eləcə də tarixən aparıcı qüvvəyə malik gənclərin səmərəli fəaliyyətindən, müasir çağırışlardan bəhs edib.

Mərkəzin İnnovativ inkişaf və təbliğat şöbəsinin müdiri Nurəddin Babazadə çıxışında gəncləri mədəniyyət sahəsində könülllük fəaliyyətinə qoşulmağa dəvət edib.

Könüllülük fəaliyyəti və gənclər mövzusunda təqdimatla çıxış edən Gənc mədəniyyət işçiləri ilə iş sektorunun müdiri Ceyhun Əhmədov “Könüllülük fəaliyyəti və gənclər” adlı məruzəsində könüllülük fəaliyyətinin mənəvi üstünlükləri, hər bir fərdin bilik və bacarıqlarının, peşəkarlıq və peşə etikasının formalaşmasında könüllülüyün rolu haqqında məlumat verib. Mədəniyyət nümunələrinin tədqiqi və təbliğı sektorunun müdiri Aygün Balabəyova isə “Könüllük fəaliyyətinin strateji tədbirlər planını” təqdim edib.

Qeyd edək ki, bu günə qədər mədəniyyət könüllüləri sırasına Lənkəran Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Bakı Humanitar Kollecinin tələbələri də qoşulub.